"Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın xarici və daxili siyasətinə ciddi təsirləri yoxdur. Düzdür, Avropa İttifaqına daxil olan 9 dövlət ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə strateji tərəfdaşlıq müqaviləsi var. Amma Avropa Şurasına daxil olan bəzi ölkələrin hədəf istiqaməti Azərbaycana qarşı antiazərbaycan mövqeyindən çıxış etməkdir".
Bu fikirləri "Sherg.az"a açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərarı şərh edərkən deyib.
O, bildirib ki, həmin ölkələr Azərbaycanın İkinci Qarabağ zəfərini və lokal xarakterli antiterror tədbirlərindəki uğurunu həzm edə bilmirlər:
"Eyni zamanda erməni lobbisinin təsiri altındadırlar. Ona görə də bu cür hərəkətlər Azərbaycana ciddi təsir mexanizmi yoxdur. Səlahiyyətlərin azalması isə heçnəyi dəyişməyəcək. Əksinə olaraq Azərbaycanın Avropa ilə yaxınlaşma siyasətinə mənfi təsir etmiş olacaqlar. Həmçinin, kollektiv Qərbin yaratdığı dəyərlər prinsipinin yenə əksinə getmiş olacaqlar. Yəni, bu addımlar Azərbaycana deyil, Avropanın özünə xeyir gətirməyəcək. Azərbaycan onsuz da ticarət əlaqələrini, iqtisadi və siyasi sahədə beynəlxalq inteqrasiyanı gücləndirir. Bu tip addımlar Azərbaycanın həyata keçirdiyi siyasəti qəbul etməyən Avropanın öz adına ləkədir. Eyni zamanda Avropa tərəfindən belə işlərin görülməsi Şərq və Qərb arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxara bilər".