“Bizə qarşı siyasət yürüdən təşkilatlara cavab verməliyik. AŞ PA öz siyasətini təzyiq üzərində qurub"
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Almaniyalı deputat və onun təşəbbüsünü dəstəkləyən həmkarları məsələni "insan hüquqları" ilə izah etməyə çalışsalar da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞ PA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın, o cümlədən Avropa Şurasının və AŞ PA-nın ürəyincə olmayıb. Hesab edirlər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır. Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞ PA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-yə üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞ PA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. AŞ PA bu illər ərzində üzvü olan bir ölkənin - Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib. Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur. AŞ PA-nın qəbul edəcəyi qərardan asılı olaraq adekvat addım atılmalıdır. AŞ PA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur. Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər. Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa Birliyi və Avropa Parlamenti kimi AŞ və AŞ PA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib. Avropa Şurasının müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır. Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüfi deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi AŞ PA-nın ikiüzlü siyasət aparmasından irəli gəlir. Deputatın sözlərinə görə, AŞ PA bundan əvvəl də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə yadda qalıb:
"Bu gün AŞ PA Fransa tərəfindən idarə olunur və Almaniyadan olan deputat Frank Şvabeni də öz təsiri altına sala bilib. Əslində, AŞ PA-nın Azərbaycana qarşı irəli sürdüyü ittihamlar reallığı əks etdirmir və sadəcə, böhtan xarakterlidir. Azərbaycana qarşı irəli sürülən bəhanələrdən biri ermənilərin Qarabağdan "güc yolu ilə çıxarılması"dır. Halbuki Qarabağı könüllü tərk etmiş ermənilərin özləri Azərbaycan tərəfindən heç bir təzyiqin olmadığını və öz xoşları ilə Ermənistana getdiklərini bildiriblər. Amma ermənidən çox ermənilik edən Fransanın Azərbaycana qarşı qərəzi o qədər böyükdür ki, uydurma məsələni AŞ PA vasitəsilə gündəmə gətirir. Azərbaycanda "siyasi məhbuslar" olduğunu iddia edirlər. Siyasi baxışlarını səsləndirmək istəyərək hökumətə narazılığını ifadə edən dinc insanlara qarşı Fransanın, Almaniyanın küçələrində polis dəyənəyi altına salınan, üstlərinə it buraxılan, atların təpikləri altında qalan, həbsxanalarda işgəncələr görən insanlar siyasi məhbus hesab olunmadığı halda Azərbaycanda müxtəlif cinayətlərə görə adamların saxlanmasına niyə görə siyasi don geyindirirlər?! "Siyasi məhbus" mövzusu Qərbin əlində ölkəmizə təzyiq alətidir. Amma Azərbaycanı bu cür vasitələrlə özlərinə tabe edə bilməzlər".
Parlamentari qeyd edib ki, AŞ PA nümayəndə heyətinin 2023-cü ildə Azərbaycana səfərinin baş tutmamasının səbəbi onların açıq-aşkar qərəzidir: "Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilirsə, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd olunursa, AŞ PA nümayəndələrinin səfərləri kimə, nəyə lazımdır? Əgər ədaləti dəstəkləyən beynəlxalq təşkilat olsaydınız, torpaqlarımız 30 il işğal altında qalmazdı. BMT TŞ-nin qətnamələrinə hörmətlə yanaşaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasına töhfə verərdiniz. İkinci Qarabağ müharibəsinin başlanmasının səbəbkarlarından biri də AŞ PA-dır. Qurum 7 fevralda keçiriləcək Prezident seçkilərində iştiraka dəvət almamaqdan gileylənir. Məramınız xoş deyil və seçki ilə bağlı Brüsseldə, Parisdə əvvəlcədən hazırlayıb gətirəcəyiniz hesabata ehtiyac yoxdur. Qərəzli mövqeyinizi bundan əvvəlki seçkilərdə görmüşük. AŞ PA ölkəmizdə keçirilən seçkilərlə bağlı heç vaxt müsbət rəy verməyib".
A.Badamov vurğulayıb ki, Azərbaycanla bağlı qərar birinci mərhələdədir və əgər ikinci mərhələdə də təsdiq olunarsa, nümayəndə heyətimiz, ümumiyyətlə, AŞ PA-nı tərk etməlidir: "Beynəlxalq təşkilatlar öz işini ədalət üzərində qurmalıdır. Azərbaycan öz haqqını müdafiə edir. Bizə qarşı siyasət yürüdən təşkilatlara cavab verməliyik. AŞ PA öz siyasətini təzyiq üzərində qurub. Bu da bu beynəlxalq təşkilatı dəyərdən salıb".