Konstitusiyanı yeniləməklə Baş nazir həm də müxalifətin hakimiyyəti ələ keçirmək istəyini yerlə-yeksan edəcək
Ermənistan Baş naziri Nikol Paşinyanın "ölkəyə yeni konstitusiya lazımdır" açıqlaması daxildə rezonansa yol açıb. Paşinyanın təklifinə dəstək çıxanlarla yanaşı, qarşı duranlar, sərt etiraz edənlər də olub. Baş nazirin məlum ifadələri və bunu əsaslandırması Azərbaycanın siyasi müstəvisində də müzakirələrə səbəb olub. Xatırladaq ki, Ermənistan Baş naziri konstitusiya islahatlarına yox, bütövlükdə yeni konstitusiyaya ehtiyac olduğunu deyib. Paşinyan növbəti konstitusiyanın Ermənistanı "yeni geosiyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" etməli olduğunu bildirib. Baş nazir bununla yanaşı əlavə edib ki, o, parlament idarəetmə sistemini dəstəkləyir və onu Ermənistan üçün "ən uyğun" hesab edir. Rusiyalı politoloq İqor Korotçenko Paşinyanın "konstitusiyaya dəyişiklik" açıqlamasını qlobal, eləcə də regional çağırışlara reaksiya kimi izah edib. Onun sözlərinə görə, Paşinyan ölkənin əsas qanununu dəyişdirməklə bir sıra problemləri “paket” şəklində həll etmək niyyətindədir: "Beləliklə, o, Konstitusiyanın müasir reallıqlara uyğun olmayan müddəalarından imtina edərək, sülh müqaviləsi imzalaya və Qarabağ məsələsini həmişəlik Ermənistan üçün bağlaya biləcək. O, Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından özünü sığortalayır. Bu həm də, şəxsi hakimiyyət rejimini gücləndirəcək. Axı bildiyimiz kimi, dəfələrlə onu devirməyə cəhdlər edilib. Lakin onların hamısı uğursuz oldu. Görünür, onu hakimiyyətə gətirən Qərbin hələ də ona ehtiyacı var”. Tarixçi və politoloq Oleq Kuznetsov da bildirib ki, Paşinyan müharibə ilə sülh arasında seçim edib: "Cənubi Qafqaz regionunda sülh, dövlət sərhədi və ticarət-iqtisadi yolların açılması ilə bağlı Azərbaycanla obyektiv danışıqlara başlamaq üçün o, seçim etməli oldu. Ya erməni millətçiliyinin əsaslarını aradan qaldıraraq konstitusiya islahatı aparmalı, ya da Bakı ilə İrəvan arasında növbəti müharibə olacağını gözləməlidir. Əgər Paşinyan Konstitusiya islahatını apara bilsə, o zaman vaxtilə Fransanı beşinci respublikaya çevirmiş Şarl de Qoll kimi qlobal siyasi xadimlərlə bərabər səviyyədə dayanacaq. Konstitusiya dövlətin əsasıdır. Lakin əgər oradakı qanunlar sağlam düşüncəyə və sosial tərəqqiyə ziddirsə, cəmiyyətlə hakimiyyət, əhali ilə dövlət arasında sosial müqaviləni ifadə etmirsə, xalqın maraqlarına cavab vermək üçün dəyişməlidir. O zaman Cənubi Qafqazda ciddi geosiyasi transformasiyalar üçün real, təkcə siyasi deyil, həm də prinsipial əhəmiyyətli olan siyasi və hüquqi perspektivlər açılacaq".
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, baş nazirin Konstitusiyanı yeniləmək istəyinin səbəbi sadəcə Azərbaycan və Türkiyə ilə normallaşma prosesini başa çatdırmaq deyil. Ekspertin sözlərinə görə, Paşinyanın ölkə daxilində də problemləri mövcuddur:
"Ermənistanda hələ də revanşist güclər fəaliyyətdədir. Paşinyanın əsas məqsədi müxalifətin hər vasitə ilə yenidən hakimiyyəti ələ keçirmək istəyini yerlə-yeksan etməkdir. "Ölkənin əvvəlki hakimiyyətinin öz maraqlarına uyğun hazırladığı Konstitusiya hakimiyyətə ölkənin Əsas Qanununa kifayət qədər müraciət etməyə imkan vermir. Ermənistanın əsas müxalifət qüvvələri, yəni revanşistlər birbaşa ərazi iddiaları məsələsinə istinad edən preambula əsasında Paşinyanı və indiki hakimiyyəti satqın hesab edirlər. Paşinyan Konstitusiyanın bu müddəalarını aradan qaldırmaqla eyni vaxtda Bakı və Ankara ilə dialoqa şərait yaradır. O, Konstitusiyanın müddəalarını pozmadan sülh müqaviləsinin imzalanması üçün siyasi-hüquqi şərait yaradır. Digər tərəfdən isə Konstitusiyanın müddəaları əsasında revanşizmi təbliğ edənləri bundan məhrum edir".