Analitik: İbrahim Rəisinin Ankara səfəri çox gərgin və əhəmiyyətli zamanda reallaşdı

İki dəfə ertələnən görüş baş tutdu


Görüşün nəticəsi olaraq İranın qıcıqla yanaşdığı Zəngəzur dəhlizi ilə bağlı da müsbət mesajlar ola bilər


  İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir. Rəisi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb. Tərəflər ikitərəfli münasibətləri, regional situasiyanı, Qəzza və s. məsələləri müzakirə ediblər. Qeyd edək ki, İran Prezidentinin Türkiyəyə yanvarın 4-də planlaşdırılan səfəri İranın Kerman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salınmışdı.

Politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, İran rəhbəri İbrahim Rəisinin Ankara səfəri çox gərgin və əhəmiyyətli zamanda reallaşdı. Ekspert vurğulayıb ki, bundan öncə müxtəlif səbəblərdən iki görüş təxirə salınsa da, nəhayət gerçəkləşdi: 
"Regionun iqtisadi-siyasi tarazlığını nizamlayacaq bu iki ölkənin anlaşması çox mühümdür. Türkiyənin terrorla mübarizə planında İranla iş birliyi çox əhəmiyyətlidir. Türkiyənin İranla 560 km uzunluqda sərhədə malik olması və PKK terrorçularının daha çox bu istiqamətdə fəaliyyəti İranın indiyə qədər sərhədlərinə ciddi diqqət yetirməməsindən qaynaqlanır. Türkiyə Kandil bölgəsində antiterror əməliyyatları apararkən silahlılar Kandil dağının İrana aid hissəsinə keçməklə canlarını qurtamağa nail olurdular. Eyni zamanda İraq və Suriya məsələsində ortaq fəaliyyətin tapılması çox vacibdir. Görüşün nəticəsi olaraq İranın qıcıqla yanaşdığı Zəngəzur dəhlizi ilə bağlı da müsbət mesajlar ola bilər. Rəisinin səfəri mövcud gərginliyi aradan qaldıra bilər. Türkiyə yaxın illərdə terroru tamamilə bitirməklə yad qüvvələri regiondan silməyi hədəfləyib. İran bu məsələdə səmimi dəstək olarsa, proses reallaşar. Əks təqdirdə İran özü prosesin qurbanına çevriləcək".