Beynəlxalq təşkilatın missiyasının təhlükəsizlik, daha sabit qlobal nizam qurmağa xidmət etmədiyini görürük
"Avropa Şurası qoca qitədə, onun hüdudlarından kənarda demokratiya, insan hüquqları və qanunun aliliyini təşviq etmək missiyasını heçə sayır". Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, AŞ qlobal səhnədə, o cümlədən Cənubi Qafqazda dağılmış mozaikası ilə fırlanan Ermənistanın əlinə oynamağa davam edir: "Avropa Şurası Parlament Assambleyasına (AŞPA) eyni prosesi Avropa yurisdiksiyasında əks etdirmək üçün əlindən gələni edir. Ona görə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumdakı iştirakını qeyri-müəyyən müddətə dayandırması başadüşüləndir. Çünki AŞPA Cənubi Qafqazda yaşananlar və Azərbaycanın maraqlarını irəlilətməyi fonunda Bakıya qarşı bəhanəli kodeksini işə salır. Bildirək ki, AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verməsi qərəz və erməni təəssübkeşliyinin fonunda baş tutdu. Bu, qeyd etdiyimiz tezisin güclü versiya olduğuna dəlalət edə bilər. Yəni AŞPA üçün Azərbaycandakı insan hüquqları mövzusu daimi bəhanədir və qurum bunun üzərindən Ermənistanın maraqlarını müdafiə edir".
Ekspertə görə, bununla da AŞPA hüquqi, parlament diplomatiyası istiqamətindənsə siyasi məcraya yönəlir: "Prioritetlərini, qurumda təmsilçilik hüququndakı bərabərlik prinsipini tanımadığını aşkar şəkildə bəyan etməkdən çəkinmir. Bu, AŞPA-nın missiyasının təhlükəsizlik, daha sabit qlobal nizam qurmağa xidmət etmədiyinin göstəricisidir. AŞPA üçün Azərbaycana qarşı qlobal diskursları möhkəmləndirmək və beynəlxalq rəyi mənfiyə kökləmək faktiki prioritetə çevrilib. Buna görə də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırması düzgün bir addımdır. Hərçənd, onun bərpası üçün danışıqların gedəcəyi istisna deyil. Azərbaycan cavab addımı olaraq əlavə tədbir kimi ümumilikdə Avropa Şurasındakı fəaliyyətini nəzərdən keçirə bilər. Artıq bununla bağlı Azərbaycan mediasında da informasiyalar tirajlanır. Azərbaycanla Avropa Şurası arasındakı gərginliyin sonluğunun necə bitəcəyini proqnozlaşdırmaq indiki mərhələdə çətin görünür. Amma ehtimal ki, Avropadakı təsisatlar Azərbaycandakı növbədənkənar prezident seçkisinin nəticəsindən sonra Bakıya qarşı total hücumun növbəti mərhələsinə start verəcəklər".