“Avropada Azərbaycana münasibət 70 nəfərin istədiyi formada deyil.
Haqlı mövqeyimizi dəstəkləyən dövlətlər var və onların nümayəndələri bu çirkin kampaniyaya qoşulmaqdan imtina ediblər”
Azərbaycanın uğurlarını, xüsusilə ərazi bütövlüyünü və suverenliyinin tam bərpasını həzm edə bilməyən dairələr ölkəmizi gözdən salmaq üçün ciddi fəaliyyət göstərirlər. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərarı da Avropanın səmərəsiz cəhdlərinin tərkib hissəsidir. Dünya gücləri, onların əlində oyuncağa çevrilən Avropa Şurası kimi qurumlar Azərbaycana qarşı atdıqları addımların heç birinin əsası olmadığını, yalnız qərəz xarakteri daşıdığını çox yaxşı bilirlər. Azərbaycana hansı sahədən diqqət yetirsələr ölkəmizin davamlı uğurlarını görürlər. Elə Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsini şərtləndirən əsas amillərdən biri demokratik inkişafdır. Ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur və yeni müdafiə mexanizmləri müəyyənləşdirilir. Həmçinin mətbuat azadlığı təmin olunur, çoxpartiyalı sistem yaradılır və s. O baxımdan AŞPA kimi qərəzli qurumlar öncə özlərinin həyata keçirdikləri siyasətin hansı prinsiplərə söykəndiyinə diqqət yetirsələr daha yaxşı olar. Avropa Şurası islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsinə çevrilib. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal faktına qarşı heç bir tədbir görməyib. Heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Avropa Şurasının işğalçı ilə işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul etməsinin özü ədalətsizliyin təzahürüdür. Heç şübhəsiz, AŞPA-da baş verənlər, Fransa Senatının Azərbaycana qarşı qətnaməsi, Aİ rəsmisi C.Borrellin Azərbaycana qarşı çıxışı bir-biri ilə əlaqəlidir. Baş vermiş təxribat Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa İttifaqının roluna böyük zərbə oldu ki, bu da tərəfləri sülh gündəliyindən uzaqlaşdırmaq deməkdir. Həm də görünən odur ki, son diplomatik uğursuzluqlar fonunda Fransa kənara çəkilərək Almaniyanı irəli çəkib. Məhz buna görə təşəbbüsü almaniyalı deputat Frank Şvabe səsləndirib. Tarixən bu ölkələr rəqib olsalar da, müsəlman dünyasına qarşı müttəfiq kimi çıxış edirlər. Təsadüfi deyil ki, Türkiyəyə qarşı yaradılmış “Daşnaksütyun” da Osmanlıdakı alman və fransız məktəblərində formalaşıb. Bu yaxınlarda Bakıda ifşa olunan Fransanın casus şəbəkəsinin formalaşdırılmasında Almaniyanın da iştirakı istisna olunmur. Xatırladaq ki, Aİ-nin Qarabağa hansısa formada silahlı missiya göndərmək istəyi, Ermənistana göndərilən missiyanın Azərbaycanda da yerləşdirilməsi, Laçın dəhlizinə missiya göndərmək və s. cəhdlərin heç biri baş tutmadı. Paralel şəkildə Almaniya və Fransa ABŞ-nin də dəstəyi ilə Azərbaycanın COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün əlindən gələni etdilər. Almaniya və Fransa səfirləri Ümumdünya Şəhərlər Forumunun Bakıya verilməsinin qarşısını almaq üçün BMT İnsan Məskənləri Proqramı - BMT - Habitata təzyiqlər göstərdilər, amma heç bir nəticə olmadı. Bütün cəhdlər uğursuz oldu. İndi “səlib yürüşü” çərçivəsində AŞPA-da “insan hüquqları” bəhanəsi ilə növbəti təzyiq metoduna keçiblər. Amma Azərbaycan onları qabaqladı və biabırçı duruma saldı, son iclasa qatılmadı və qürurlu şəkildə islamafob, anti-Azərbaycan qurum ilə münasibətləri kəsdi. Azərbaycana qarşı daha bir irad ölkənin AŞPA qarşısında “öhdəlikləri” yerinə yetirməməsidir. Bu “öhdəliklər”də əsas yeri LGBT hüquqlarının qorunması tutur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir. Sonda eyni cinslərin nikah hüququnun tanınması da tələb kimi qoyula bilər. Təbii ki, Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Qərbi qıcıqlandıran daha bir məqam Azərbaycan xalqının bütün bu təzyiqləri dəf edən Prezident İlham Əliyevə verdiyi tam dəstəkdir. Aparılan seçki kampaniyasını izləyən Qərb dairələri bir daha İlham Əliyevə olan dəstəyin şahidi olublar. Beləliklə, Azərbaycanın Qarabağdan imtina etməməsi, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, ölkəmizin milli mentalitet və əxlaqımıza zidd “dəyərlərdən” imtina etməsinə cavab olaraq Fransa, Almaniya kimi ölkələr ABŞ-nin dəstəyi ilə təzyiqləri gücləndirməyə cəhd edirlər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, Avropa Şurası da digər beynəlxalq qurumlar kimi öz nüfuzunu itirməkdə davam edir və hətta artıq itirib. Ekspert diqqətə çatdırıb ki, Avropa Şurası, əslində, siyasi təşkilat deyildi və dünyada insanların hüquq-azadlıqlarını, demokratiyanı, söz və mətbuat azadlığını qorumaq üçün yaradılmış bir təşkilat idi:
"Ancaq indi baxırıq ki, təşkilat siyasiləşib, hətta lobbiləşib. Lobbilərin təsir dairəsi altına düşmüş, korrupsiyalaşmış nümayəndələrdən təmsil olunmuş quruma çevrilib. Təbii ki, AŞPA-nın Azərbaycana qarşı mövqeyi, addımları qəbuledilməzdir. İkili standartlarla bərabər, artıq islamofobiya yox, Azərbaycanafobiyanın beynəlxalq təşkilatlarda ayaq tutub yeriməsinin bariz nümunəsidir. Hələ 2023-cü ilin oktyabrın 23-də Qarabağda aparılmış antiterror tədbirlərindən sonra "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamədə qeyd olunurdu ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi yanvar ayında tanınmaya bilər. Bu, erməni lobbisinin təsiri altında hazırlanmış bir qətnamə idi. Amma indi nümayəndə heyətimizin etimadnaməsinin tanınmaması, bir il səsvermə hüququndan məhrum edilməklə kənarlaşdırılması son dərəcə ifrat və həyasız bir mövqedir. Bu, erməni lobbisinin təsiri altında olan dövlətlərin, siyasi hakimiyyətlərin bilavasitə təzyiqi ilə əldə olunmuş razılığın nəticəsidir. Çox təəssüf edirəm. Əslində, onların dərdi növbədənkənar prezident seçkisi ilə bağlıdır. İnsan hüquq və azadlıqlarını əsas götürərək, hələ təbliğat-təşviqat dövründə belə seçkini qaralamağa cəhd edirlər. Müşahidəçilərin dəvət edilməməsi ilə bağlı isə deyim ki, biz ötən dövrlər ərzində onların ədalətli yanaşmasını görməmişik və yenidən qərəzli yanaşmaların şahidi olacağımız şübhə doğurmur. Həmin təşkilatları seçkiyə dəvət etməyə borclu deyilik. Digər beynəlxalq təşkilatlar ölkəmizdəki seçkiləri izləyəcəklər".
Ç.Qənizadə bildirib ki, AŞPA-nın yanaşması daha çox Fransa və Almaniyanın Azərbaycana yönəlik addımlarının təzahürüdür: "Avropa parlamentarilərinin bəzilərinin ələ alınması, bəzilərinin isə təzyiqlər göstərilməsi ilə əldə olunan qətnamədir. 306 nəfər daimi parlamentarinin sadəcə 76 nəfəri qətnaməyə səs verib. Digərləri ümumiyyətlə prosesdə iştirak etməyiblər. Bu da göstərir ki, Avropada Azərbaycana münasibət 70 nəfərin istədiyi formada deyil. Haqlı mövqeyimizi dəstəkləyən dövlətlər var və onların nümayəndələri bu çirkin kampaniyaya qoşulmaqdan imtina ediblər. Hər halda bu, gözlənilən idi. Ancaq belə təzyiqlərlə Azərbaycanı haqq işindən uzaqlaşdırmaq qeyri-mümkündür. Azərbaycanın son illərdə atdığı addımlar, torpaqlarımızın işğalçılardan və separatizmdən təmizlənməsi beynəlxalq hüquq normalarının prinsiplərinə tamamilə uyğundur. Bəzi dairələr çox cəhd etdilər ki, separatizm Azərbaycanda qalsın. Ona görə separatçılığın ortadan qaldırılmasından sonra daha da həyasızlaşdılar. Ölkəmizə qarşı qarayaxma kampaniyasını beynəlxalq institutlarda, media strukturlarında tətbiq etdilər, təzyiq göstərməyə çalışdılar. Ancaq cənab Prezidentin də dediyi kimi, biz şantajlardan, hədə-qorxulardan çəkinmirik. Heç kim bizimlə təzyiq dilində danışaraq haqq yolumuzdan döndərə bilməz".