“Əgər biz onların dedikləri ilə oturub-dursaydıq, nə torpaqlarımızı azad edə bilərdik, nə də suverenliyimiz bərpa olunardı”
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi və qurumdan Azərbaycanı bir il müddətinə uzaqlaşdırması Ermənistan hakimiyyətində sevinclə qarşılanıb. Bu barədə erməni müxalif mediası məlumat yayıb. Bildirilir ki, qərarın qəbulunda xüsusilə Ermənistan nümayəndə heyəti və onun rəhbəri Ruben Rubinyan aktivlik göstərib: "Bu qərar hakimiyyət dairələrində böyük sevincə səbəb olub, hakimiyyətin güclü diplomatik qələbəsi kimi təqdim olunur, çünki onlar Azərbaycana qarşı cəza tədbirləri həyata keçirmək üçün çalışdıqlarını təsdiqləyiblər”. Müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan “Hakimiyyətin böyük diplomatik qələbəsi” haqqında danışmaq istəməyib. Buna baxmayaraq, bəzi müxalif deputatlar AŞPA-nın qərarının heç bir ciddi nəticəsi olmayacağını, Əliyevə hər hansı təsir etməyəcəyini bildirərək, “Mülki müqavilə” üzvlərini “göyün yeddinci qatından enməyə” çağırıblar. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan isə deyib ki, AŞPA-da verilən qərar müəyyən mənada gecikmiş hesab oluna bilər: “Çünki Azərbaycanda baş verənlərə, Qarabağda həyata keçirilənlərə görə bu cür qərar xeyli əvvəl qəbul olunmalı idi. Amma necə deyərlər, heç vaxt olmamasından gec olması yaxşıdır. Bu mənada ümid edirəm ki, Azərbaycanda bu qərardan nəticə çıxaracaqlar, çünki Qarabağda baş verənlər 120 min insanın etnik təmizlənməsi, insan haqlarının kütləvi şəkildə pozulması və haqqında danışdığımız bütün pozuntulardan bəhs edir. Ümid edək ki, Azərbaycan belə bir qərardan nəticə çıxaracaq”. O qərarın niyə məhz indi qəbul edilməsinə gəlincə, Manukyan buna konkret cavab verməyib və dolayısı ilə bu qərarın Qərbin öz marağında olmasını təsdiqləyib. Səfir Ağacanyan isə deyib ki, bu qərara səbəb Azərbaycan “Qərbin nəzarətindən çıxması” və Rusiya və İranla sıx əməkdaşlıq etməsidir. Halbuki İranla sıx əməkdaşlıq edən Ermənistan özüdür.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, AŞPA-nın Azərbaycanı hədəf alması və bunun Ermənistan hökuməti tərəfindən sevinclə qarşılanması sülh danışıqlarına mənfi təsir göstərə bilər. Ekspert xatırladıb ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Türkiyə ilə aparılan normallaşma prosesində xüsusi nümayəndədir:
"O baxımdan indiki məsələlər və Rubinyanın fəallığı ən azından Türkiyə-Ermənistan arasındakı normallaşma danışıqlarına mənfi təsir göstərər. Ancaq düşünmürəm ki, baş verənlər Ermənistan üçün hansısa dividendlər gətirəcək. Azərbaycana digər təsisatların əli ilə təzyiq göstərilməsi öz-özlüyündə İrəvanın acizliyindən xəbər verir. Ermənistan regionda aciz, gücsüz, zəif olduğunu göstərir. Belə çıxır ki, İrəvan hökumətinin indiyədək sülhdən danışması, sülhlə bağlı addımları da boş və mənasız imiş. İmkanları və fürsətləri olsaydı, silah-sursat əldə edərək Azərbaycana qarşı yenidən müharibəyə başlayardılar və sülhdən danışmazdılar. Ermənilərin xisləti budur".
İ.Vəlizadə əlavə edib ki, AŞPA-nın Azərbaycanla bağlı sadaladığı iradların hamısı bəhanələrdir, əsassız ittihamlardır: "Təşkilatın 2023-cü il oktaybr ayının 23-də qətnaməsi hamının yadındadır. Həmin mətndə "söz azadlığı, "demokratiya", "insan hüquqları" kimi məqamlar əks olunmayıb. Başdan-ayağa Qarabağla bağlı boş iddialar, ittihamlar yer alıb. Bu da onu göstərir ki, AŞPA-nın məqsədi heç də insan haqları deyil, birbaşa Azərbaycana siyasi təzyiq göstərmək, ermənilərin tərəfini saxlamaqdır. AŞPA və digər Qərb strukturları hər zaman qərəzli olublar, ikili yanaşma sərgiləyiblər. Əgər biz onların dedikləri ilə oturub-dursaydıq, nə torpaqlarımızı azad edə bilərdik, nə də suverenliyimiz bərpa olunardı. O qurumlara inanmaq, aldanmaq lazım deyil. Hətta başqa ölkələrin ekspertləri də sual edirlər ki, əgər Azərbaycanda müəyyən problemlər var idisə, 20 il ərzində niyə həmin qurumlar bunlara toxunmayıblar?! Amma Qarabağdan sonra birdən-birə bu məqamlar yada düşüb? Artıq bir çox ölkələrdə də anlayırlar ki, AŞPA obyektiv deyil. Biz AŞPA-dan, Aİ-dən uzaqlaşmaqla nə itirəcəyik? Heç nə. İsrail, Qazaxıstan kimi ölkələr AŞPA-da təmsil olunmur. Amma onların bundan itirdiyi heç nə yoxdur".