Bakı İrəvanın bu addımını sülh üçün göstərilmiş təşəbbüs hesab edəcək
Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda minalanmış sahələrə dair yeni məlumatları Azərbaycan tərəfinə verəcək. Bu barədə qurumun yaydığı məlumatda deyilib. Bildirilib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçuların sorğusundan sonra minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritə müəyyən edilib. Xəritələrin əsli Azərbaycana, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına göndəriləcək.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, minalanmış ərazilərlə bağlı əvvəlki illərdə Ermənistanın verdiyi xəritələrin dəqiqlik dərəcəsinin aşağı olması, əslində, taktiki addım idi. Analitik vurğulayıb ki, erməni tərəfi həmin xəritələri Azərbaycana verəndə hələ ermənilər Qarabağda idi və onların gələcəyə yönəlik planları vardı:
"Ermənilər hesab edirdilər ki, minalanmış yerlər onlara müəyyən dövrdən sonra lazım olacaq. İndi "dəqiqləşmiş xəritə" adı ilə yeni xəritələrin guya ortaya çıxması ermənilərin artıq belə bir ümidlərinin olmadığını göstərir. Ona görə də İrəvan özünü sülh üçün "xoş niyyət" göstərirmiş kimi aparır. Ancaq real sülh istəyən ölkə Qərbin və Avropanın destruktiv qüvvələrini Azərbaycana hücuma təhrik etməz. Süni şəkildə "Qarabağ ermənilərinin hüquqları" adlı hay-küy qaldırmaz. Əlbəttə, mina xəritələrinin dəqiqləşdirilməsi Azərbaycan üçün vacibdir. Bakı İrəvanın bu addımını sülh üçün göstərilmiş təşəbbüs hesab edəcək. Lakin Ermənistan özünü ağıllı hesab edərək bizi yenidən aldatdığını düşünməsin və buna cəhd etməsin".