Avropa Şurası Parlament Assambleyasının Azərbaycan əleyhinə qəbul etdikləri qətnamələr ədalətsizdir. Bununla yanaşı, diqqətçəkən məqamlardan biri səsvermə ilə bağlı amillərdir. Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin - Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var. Bu dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq:
"Biz bu 3 ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən Avropa dövlətləri ilə dostluq qrupları var. Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub onlarla izahat işi apardılar ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur, Strasburqda çıxış edən ukraynalı deputatın dili ilə desək bu, yalnız Rusiyanı sevindirəcək. AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsvermədə cəmi 90 nəfər iştirak edib, bunun da 76-sı Azərbaycan əleyhinə səs verib. Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayaraq ya hotellərində olub, ya da parlament içərisindəki kafedə vaxt "öldürüblər". Əslində biz elə etməliydik ki, onlar parlamentin dəhlizində və ya kafedə vaxt "öldürmək" əvəzinə zala daxil olub Azərbaycanın lehinə səs verərdilər. Əlbəttə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər. Buna seyrçi qalmaq əvəzinə müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik".