Arxadan vurulan zərbə: GUAM ölkələrini kim məcbur etdi?

"Avropa İttifaqının və Qərbin Gürcüstan  Moldova, Ukrayna üzərində təzyiqi artıb". 

Bunu "Sherg.az"a açıqlaması zamanı politoloq Turab Rzayev  Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin AŞPA-da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqeyə  münasibət bildirərkən deyib.

O, bildirib ki, təzyiq qarşısında qalan həmin ölkələr də regional və digər müttəfiqlərinə qarşı məcbur olub bu cür addımlar atırlar: 

"Məsələn, Avropa İttifaqına namizədlik məsələsi Gürcüstana müsbət iqtisadi-siyasi inteqrasiya imkanları verən şərait kimi qiymətləndirilir. Digər tərəfdən Avropa İttifaqı bununla Gürcüstan üzərində təzyiqini artırmış oldu. Gürcüstanı Avropa İttifaqına namizəd ölkə etməklə Rusiya və Azərbaycandan uzaqlaşdırmağa çalışırlar. Bəzi məqamlarda isə Azərbaycanla müttəfiqlik əlaqələrinə xələl gətirən addımlar atmağa sövq edirlər. Gürcüstan uzun illər Ermənistana silah keçirilməsinə icazə vermirdi. Ancaq ən son Fransadan gələn silahların Gürcüstan üzərindən Ermənistana keçdiyinin şahidi olduq. Çünki Avropa İttifaqı Gürcüstanı buna məcbur edir. Eyni zamanda AŞPA-da olan fəaliyyət də buna hesablanıb. Azərbaycanın  GUAM-dan çıxması üçün isə real səbəb yoxdur. İndiki məqamda bu təşkilatdan çıxmağın bizə heç bir faydası yoxdur. Əksinə olaraq GUAM-dan siyasi dialoq yaratmaq üçün istifadə etməliyik".