Politoloq: Paşinyanın Bakıya pakt təklifi bir ssenaridir

Ermənistanın məqsədi Azərbaycanı suçlu çıxararaq növbəti təzyiqlər dalğasına nail olmaqdır

“İrəvan hökuməti qalıcı sülhdə həqiqətən maraqlı olduğunu başqa addımlarla göstərməlidir. İlk növbədə Ermənistan hakimiyyəti konstitusiyasını dəyişməlidir”


  Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi ilə bağlı növbəti absurd təklifini gündəmə gətirib. Paşinyan hökumətinin başçısı sülh müqaviləsinin imzalanmasının gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib. Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan deyib ki, bu, siyasi çağırışı olmayan politoloji bəyanatlardır. Onun sözlərinə görə, müvafiq müsbət cavablar olarsa, müzakirələr başqa mərhələyə keçəcək. Sülh müqaviləsinin bağlanması perspektivlərinə gəlincə, nazir müavini qeyd edib ki, İrəvan Bakı ilə münasibətlərin tam nizamlanmasında və sülh sazişinin imzalanmasında səmimi olaraq maraqlıdır: “Bilirsiniz ki, yanvarın 4-də müvafiq sazişin mətninin yenidən işlənmiş variantını göndərmişik. Azərbaycanın cavabını gözləyirik. Dünən cavabın bir neçə həftə ərzində veriləcəyi ilə bağlı açıqlamalar var idi”. Xatırladaq ki, Paşinyan bundan öncə Azərbaycana "silahlara qarşılıqlı nəzarət mexanizminin" tətbiq edilməsi ilə bağlı təklif irəli sürmüşdü. Hazırda sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır. Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək. Lakin göründüyü kimi Paşinyan bulanıq suda balıq tutmağa davam etməkdədir. Baş nazirin birinci təklifi də kifayət qədər absurd idi. Çünki 44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib və hazırda Bakı İrəvanın silah mənbələrindən tutmuş aldığı hərbi texnikaya qədər hər şeyə böyük ölçüdə nəzarət edə bilir. Belə situasiya fonunda Azərbaycan öz hərbi arsenalını niyə Ermənistanın üzünə açmalıdır?! Paşinyan da anlayır ki, Bakı buna getməyəcək. Lakin belə bir təkliflə “sülhdən yana olan Ermənistan hərbi arsenalını da açmağa hazırdır” görüntüsü yaratmaq istəyir. Məsələ həm də ondadır ki, Azərbaycan yalnız Ermənistana görə silahlanaraq öz ordusunu modernləşdirmir. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarı olsa da, Rusiya və İranda istənilən an durum dəyişə və bunun bölgəyə mənfi təsirləri ola bilər. Bu səbəbdən Azərbaycan həm ordusunu gücləndirməli, həm də ən müasir hərbi texnikaya malik olmalıdır. Azərbaycanın silahlanmasına heç bir ölkə nəzarət edə bilməz. İkinci təklif isə Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir. Mövcud şərtlərdə İrəvanın iki yolu var. Ya Bakının şərtləri ilə sazişi imzalamalı, ya da prosesi bacardığı qədər uzatmalıdır. Paşinyan "hücum etməmək" barədə pakt irəli sürməkdənsə, ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa, ölkəsi üçün daha faydalı olar. Ekspertlərin fikrincə, Paşinyan “paktların” əvəzinə Azərbaycandan təminat əldə etmək niyyəti güdür.  

  Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Nikol Paşinyan sülh prosesini uzatmaq üçün müxtəlif metodlara baş vurur. Ekspertin sözlərinə görə, Paşinyanın xüsusi olaraq gündəmə gətirdiyi hər iki "təklif", əslində, Ermənistanın özünü beynəlxalq aləmdə "məzlum", "əzilən" və "sülh istəyən" tərəf kimi göstərmək məqsədindən xəbər verir:
 "Baş nazir çalışır ki, Azərbaycanın belə bir məqsədinin olduğunu, guya, "Ermənistana hücum etməyə hazırlaşdığını" Qərbə göstərsin. Yəni Paşinyan Bakıya silahlarla və hücumla bağlı davamlı təkliflər edib, amma Azərbaycan tərəfi bunları qəbul etməyib və geri çevirib. Məqsəd Azərbaycanı günahlandırmaq və beynəlxalq qurumlar qarşısında suçlu çıxararaq növbəti təzyiqlər dalğasına nail olmaqdır. Məğlub ölkənin qalib dövlət qarşısında "silahlara nəzarət" tələbi qoyması həqiqətən çox gülüncdür. Əslində isə reallıq odur ki, Paşinyanın bu cür sərsəm təklifləri sülh prosesini uzadır və sazişin imzalanmasını ləngidir. İrəvan hökuməti qalıcı sülhdə həqiqətən maraqlı olduğunu başqa addımlarla göstərməlidir. İlk növbədə Ermənistan hakimiyyəti konstitusiyasını dəyişməlidir. Qanunvericiliyində 30 il ərzində Qarabağla bağlı qəbul edilən bütün qərarlar ləğv edilməlidir. Eyni zamanda beynəlxalq instansiyalara, məhkəmələrə müraciətlərdə "Dağlıq Qarabağ" ifadəsi və digər absurd iddialar ləğv olunmalıdır. Yəni bütün hallarda Azərbaycanın ərazi bütövlüyünə təhdid ortadan qalxmalıdır". 

  Həmsöhbətimiz vurğulayıb ki, hazırda Qərb strukturları tərəfindən Azərbaycana güclü təzyiqlər var: 
"Təzyiqlərin məğzi ondan ibarətdir ki, guya, Azərbaycanın tarixi Qərb torpaqları ilə bağlı ərazi iddiaları var və s. Təbii ki, bunlar bəhanələrdir. Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə şiddətlənir. Qərbin təsisatları Xəzərə qədər bütün coğrafiyanı əhatə etmək istəyirlər. Qərb Azərbaycanın öz suverenliyini bərpa etməsindən ciddi narahatdır və Avrasiya orta xəttində yeni güc konfiqurasiyasının formalaşmasına qarşı bütün vasitələrdən istifadə edirlər".