Hakimiyyətdə Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı da, Ermənistan ordusu məğlub olacaqdı
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan revanşist və absurd açıqlamalar səsləndirib. Ordu günündə ölkənin vəziyyətindən və silahlı qüvvələrin mövcud durumundan danışan Ohanyan bildirib ki, 44 günlük müharibədən sonra ümidsizlik içindədirlər. Onun sözlərinə görə, ordunun vəziyyətini qiymətləndirmək çətindir. Ohanyan hazırkı hökuməti günahlandırmağı da unutmayıb: "Bugünkü hakimiyyət müharibədən sonra ordunun döyüş qabiliyyətini tam bərpa etməyə borclu idi. Amma burada müəyyən nöqsanlara yol verildi. Mövcud hakimiyyətin fəaliyyəti dövründə birlik pozuldu. Ordu deyil, bu şəxslərin rəhbərlik etdiyi dövlət məğlub oldu". Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin sonlarında Şuşanın müdafiəsi Seyran Ohanyana tapşırılıb. Lakin o, öz qrupu ilə maşınına minərək şəhərdən qaçıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, müharibədə "Ermənistan ordusu məğlub olmayıb, hakimiyyət məğlub olub” kimi ifadələr məntiqsiz epitetlərdir. Analitikin qənaətincə, revanşist dairələr bununla həm ordunu zərbə altından çıxarmaq, həm də “məğlub sindromundan” qurtulmaq istəyirlər:
"Görünür, erməni müxalifəti hesab edir ki, hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı, Ermənistan ordusu məğlub olmayacaqdı. Unudurlar ki, illər uzunu aparılan danışıqların nəticəsiz qaldığını görən Azərbaycan hakimiyyəti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayırdı və bütün hazırlıqlarımız bu yöndə idi. 2016-cı ildə 4 günlük aprel savaşı da Ermənistana nəticə çıxmaq üçün dərs olmadı. Elə bildilər ki, bu, ötəri müharibədir və davamı gəlməyəcək. Daha doğrusu, Azərbaycan növbəti müharibəyə risk etməyəcək, böyük dövlətlər bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər. Tutaq ki, erməni müxalifətinin söylədiyi kimi, Ermənistanda hakimiyyətdə Robert Köçəryan kimi biri olaydı, bu nəyi dəyişəcəkdi? Yəqin müxalifət təmsilçiləri və ekspertləri düşünürlər ki, Köçəryanın Rusiya ilə yaxınlığı Azərbaycanı müharibədən çəkindirən amil olacaqdı. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı Köçəryan və Sərkisyan hakimiyyətdə olduğu illərdən gücləndirməyə başlamışdı və Kremlin özü də Ankara ilə tərəfdaşlığı gücləndirirdi. Bu amil Azərbaycanın xeyrinə işləyirdi".
Ekspert diqqət çəkib ki, Türkiyə ilə ittifaq bir çox məqama görə vacib idi:
"Bu müttəfiqlik Azərbaycan Ordusunun modernləşdirilməsini sürətləndirmək və müharibənin başlayacağı təqdirdə Türkiyənin Azərbaycana yönəlik təzyiqləri neytrallaşdırması üçün zəruri idi. Bunun hər ikisi uğurla həyata keçirildi. Azərbaycan torpaqlarını geri qaytarmaq üçün həlledici həmləyə hazırlaşırdı. Köçəryan hakimiyyətdə olsaydı belə, Rusiya Azərbaycanı durdurmayacaqdı. Rusiya Türkiyə amilini də nəzərə alaraq Azərbaycanla açıq qarşıdurmaya getməyəcəkdi. Odur ki, erməni müxalifətinin yanlışı var. Azərbaycanla müharibəni yalnız Nikol Paşinyan deyil, Ermənistanın bütün siyasətçiləri, generalları, “dənizdən dənizə” ideologiyasının müəllifləri, Konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu. Nikol Paşinyan dərsini aldı və sanki vəziyyətdən çıxış yolları axtarır. Dərsini almayan ermənilər isə hələ də reallıqları qəbul etmək istəmirlər. Ancaq alternativləri də yoxdur".