Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq.
Bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müdafiə komitəsinin sədri Hulusi Akar Şəhidlər xiyabanını ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəziləri Ermənistanı proksi dövlətə çevirmək istəyir: “Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”.
H.Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır: “Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”.
Sözügedən məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Hulusi Akar müdafiə naziri olduğu müddət ərzində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib:
"O ikinci Qarabağ müharibəsi dövründə də Azərbaycana yaxından dəstək göstərib. Hulusi Akarın Azərbaycana səfəri seçkilərlə bağlıdır. Qarşıdakı günlərdə Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın da Azərbaycana səfəri gözlənilir. Hulusi Akar isə çox konkret mesajlar verdi. Böyük güclər, o cümlədən Fransa, ABŞ, Avropa İttifaqı, Rusiya və Hindistan Ermənistandan əlaltı kimi istifadə etməyə çalışır. Bunu Hulusi Akar Ermənistanı proksi dövlətə çevirmək istəyirlər çıxışı ilə çox gözəl ifadə etdi. Ermənistanın silahlandırması, şirnikləndirilməsi və müxtəlif platformalarda Azərbaycana qarşı qərəzli mövqe, rəsmi İrəvanı sülh gündəliyindən yayındırmağa hesablanıb. Ona görə də Hulusi Akar bildirdi ki, Ermənistan səhv yolla getməməlidir".
Ekspert vurğulayıb ki, rəsmi İrəvanın hazırda müharibə istədiyini söyləmək olmaz:
"Çünki ehtimal olunan növbəti müharibə Ermənistan üçün çox baha başa gələr. Bu nəinki Paşinyan hakimiyyətinin, eyni zamanda Ermənistan dövlətçiliyinin də sonu ola bilər. Qeyd etmək lazımdır ki, Paşinyan lazimi siyasi iradəyə sahib deyil və ona qarşı kənar təsirlər kifayət qədər çoxdur. Ona görə də Paşinyan öz hakimiyyəti naminə ona diqtə edən bütün tərəfləri qane etməyə çalışır. O kənar gücləri qane etməyə çalışdıqca, öz oturduğu budağı kəsir. İndi isə Paşinyana siyasi iradə və müəyyən qədər risq gərəklidir. Əgər Paşinyan risqə getsə, uzaq prespektiv üçün Ermənistan dövlətinin gələcəyini təmin edə bilər. Əksinə yaxın prespektivi düşünsə, uzaq prespektivdən məhrum olacaq. Yəni bu yol ilə getsə, istənilən an onun hakimiyyəti bitə bilər. Azərbaycan ilə Ermənistan arasındakı sülh rəsmi İrəvana lazımdır. Bu baxımdan Ermənistan yeni təhlükəsizlik mühiti üçün Cənubi Qafqaz ilə tərəfdaşlıq qurmalıdır".