“Xaçikyanın xəbərdarlığı, əslində, növbəti erməni riyakarlığıdır. Bəyanatın kökündə Ermənistanın təxribatı dayanır”
ABŞ-nin Stenford Universitetinin erməni doktoru Artur Xaçikyan həm Ermənistanın son dərəcə çətin vəziyyətə düşdüyünü, həm də regionun genişmiqyaslı müharibə ərəfəsində olduğunu deyib. Onun sözlərinə görə, bölgədə genişmiqyaslı müharibə başlayacaq: "İran, Pakistan, Yəmən, Suriya, Livan, İraq, İsraildə atışma səsləri gəlir, onların yanında ABŞ və Böyük Britaniya dayanır. Bütün bu atışmaların hədəfi İrandır. İsrail ABŞ-ni İrana qarşı müharibəyə cəlb etmək üçün hər şeyi etməyə çalışır. Orada müharibə başlasa, bizi tamamilə unudacaqlar və bu, Azərbaycanın Ermənistana “hücumu” üçün əlverişli imkan yaradacaq, Bakının məqsədlərinə çatmasını təmin edəcək”. Xaçikyanın sözlərinə görə, Bakı 2020-ci ildə və 2023-cü ildə məqsədlərinə çatmaq üçün artıq iki dəfə güc üsullarına cəhd edib. Ekspert vurğulayıb ki, Qərbin Ermənistana qarşı təcavüzə yol verməyəcəyi ilə bağlı bəyanatları vədlər səviyyəsində qalacaq, hansısa təsirli addım atılmayacaq: "Qərbdən onun "etnik təmizləmə"yə imkan verməyəcəyi barədə bəyanatlarını eşitmişik. Sonda nə oldu? Heç nə. İndi də belə olacaq. Azərbaycan praktikada əmin oldu ki, Qərb təhdid və bəyanatlardan o yana getməyəcək”.
Politoloq Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, bölgədə müharibələr və lokal döyüşlərin tarixi xronologiyasına baxsaq, görərik ki, 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsi ilə başlayan münaqişələr günümüzə qədər böyük-kiçik toqquşmalarla davam edir. Ekspertin sözlərinə görə, bu siyahıya İran-İraq müharibəsi, İraqın Küveytə müdaxiləsi və ardından ABŞ-nin "səhrada Fırtına əməliyyatı" keçirməsini əlavə etsək, günümüzdə baş verənlər keçmişin yerindən tərpətdiyi daşların yerinə qoyulmaması kimi anlaşılmalıdır:
"Münaqişələr davam edir və problemlər həllini tapmamış yeni qaynar nöqtələr meydana çıxır. Münaqişə ocaqlarının söndürülməsi istiqamətində aparılan danışıqlara baxmayaraq, iştirakçı tərəflərə külli miqdarda silah tədarükü edilir. Hər il müxtəlif atıcı, döyüş təyyarələri və kütləvi qırğın silahlarının müasir modelləri istehsal olunur. Beynəlxalq sərgilər keçirilərək bu silahlar reklam edilir. Hətta silah reklamı üçün bədii filmlər çəkilir. Bu fikirləri ona görə qabardıram ki, dünyada silah istehsalının artması müharibələri şərtləndirən əsas amildir. Belə olan şəraitdə silah maqnatları hətta iki mehriban qonşu ölkəni belə bir-birinə düşmən edə bilirlər. Bunun nümunəsi Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Ancaq bizi maraqlandıran Yaxın Şərq və Cənubi Qafqaz bölgəsidir. Artur Xaçikyanın xəbərdarlığı, əslində, növbəti erməni riyakarlığıdır. Bəyanatın kökündə Ermənistanın təxribatı dayanır. AŞPA-da Azərbaycana qarşı təşkil olunan təcrid planı kimi ABŞ və Böyük Britaniyanı da bizə qarşı kökləmək ssenarisi planlaşdırılır".
Analitik diqqətə çatdırıb ki, Ermənstanla Azərbaycan arasında planlaşdırılan sülh müqaviləsini imzalamaq məcburiyyəti yaxınlaşdıqca, həm Ermənistan, həm də bölgədə sabitliyi istəməyən qüvvələr mane olmaq üçün bütün mümkün variantlardan yararlanmağa çalışırlar:
"Bu qüvvələr Avropa parlamentində də, bizə qonşu bəzi ölkələrdə də var. Ermənistanla bağlanacaq sülh müqaviləsinin şərtlərindən biri Birinci Qarabağ müharibəsi və ondan öncə Ermənistanın nəzarətinə keçən ərazilərimizlə bağlıdır. Bu torpaqlar geri qaytarılmasa, sülh müqaviləsinin imzalanması mümkün deyil. O zaman təbii ki, əlac məcburetmə əməliyyatına qalır. Xaçikyanın həyəcan təbili buradan qaynaqlanır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi olan almaniyalı deputat Frank Şvabe Qarabağın mübahisəsiz Azərbaycan torpaqları olduğunu vurğulayaraq daha çox "insan haqları" problemlərini qabartmağa çalışıb. Lakin Avropanın sevimlisi M.Saakaşviliyə qarşı qeyri-insani münasibət göstərən Gürcüstanla vizasız gediş-gəliş barədə qərar çıxarılır. Bunu Avropa İttifaqı etsə də, AŞPA həmin ölkələrdən təşkil olunub. Avropalı parlamentarilər İsrail-Fələstin müharibəsində Qəzza bölgəsindəki terrorçulara qarşı aparılan əməliyyatları tənqid etsələr də, məlum ölkəyə qarşı sanksiyalar tətbiq etməyi düşünmürlər. Bunlar reallıqdır. Ancaq biz də insan haqları, demokratik islahatlar məsələsində bədxahlara bəhanə verməməliyik. Doğrudur, AŞPA-ya təqdim edilən “siyasi məhbus” siyahısında elə adlar var ki, onlar Vətənə xəyanət etmiş insanlardır. Onların çoxunun İran və s. ölkələrin xüsusi-xidmət orqanları ilə əməkdaşlığı sübut olunub. Ancaq bəzi içimizdəki qüvvələr onların üzərindən siyasi spekulyasiya ilə məşğul olurlar. Avropa Şurasının Qarabağ məsələsində bizə qarşı ədalətsiz mövqeyini neytrallaşdırmağın tək yolu Ermənistana təzyiqi artıraraq onları sülh aktını imzalamağa məcbur etmək, demokratikləşmənin yolunu açmaqdır. Vətəndaşı əzilən cəmiyyətdə dövlət güclənə bilməz. Avropa ilə qarşıdurma şəraitində hakimiyyətə vətəndaş dəstəyi çox vacibdir".
V.Əfəndiyev hesab edir ki, Avropa Şurası ilə konfliktə getməmək lazımdır: "Perspektivdə Rusiya çökdürüləcək, Putin hakimiyyətdən gedəcək və orada demokratikləşmə olacaq. Türkiyədə də dəyişikliklər zamanın məsələsidir. Gürcülər Avropaya vizasız gediş-gəlişi təmin etdilər. Ortada tək qalsaq, çoxsaylı sanksiyalara məruz qalarıq".