Böyük ehtimalla Paşinyan Qaribaşvili ilə qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparıb
Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında məlumat verib. Qaribaşvili bildirib ki, son bir neçə aydır bu saziş üzərində işləyirdilər: "Strateji tərəfdaşlıq memorandumunu imzalayacağımız barədə elan etmişdik". Onun sözlərinə görə, Ermənistan və Gürcüstan tarixən güclü müttəfiqlər və qonşulardır, bütün istiqamətlər üzrə yaxşı tərəfdaşlıq mövcuddur. İ.Qaribaşvili bəyan edib ki, strateji tərəfdaşlıq haqqında sazişi Tbilisidə hər iki baş nazir imzalayıblar. O, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiyini deyib. Qaribaşvili həmçinin Paşinyanla iki ölkə arasında bütün səviyyələrdə münasibətləri müzakirə etdiyini də vurğulayıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün işgüzar səfərlə Gürcüstana gedib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrini genişləndirməyə çalışmasından narahat deyil. Analitik bəyan edib ki, Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır:
"Yəni Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu, Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallara səbəb olacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tbilisi “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”".
Siyasi şərhçinin fikrincə, normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır: "Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tbilisinin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır. Əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrı ilə həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu, Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir".