“Hətta ola bilsin, seçkilərdən sonra yayılacaq hesabat Avropada öncədən yazılıb, gətirilib”
ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, qurumda davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır. Missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir. Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv besabatları, qeydləri isə dərhal cırılır və atılır. Məlumdur ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa “missiya” tapşırılıb. Sensasiyalı məqamlardan biri də seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra bunu “polis ATƏT müşahidəçilərinə qarşı zorakılıq tətbiq etdi” adı ilə hesabata daxil etməkdir. Bundan başqa, missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn tərcüməçilərlə qəddar, təhqiramiz davranış halları var. Tərcüməçilərdən biri bugünlərdə təhqir olunub və alçaldılıb. Ona qarşı şiddət tətbiq edilib və o, sarsıntı keçirib. İş o yerə çatıb ki, missiyaya daxil olan bəzi nümayəndələr bunu vicdanlarına sığışdırmayıblar və məsələyə müdaxilə edib onun qarşısını alıblar. Bəllidir ki, ATƏT missiyasının tərkibində cinsi azlıqların nümayəndələri də var. Bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə həmin mənzərəni seyr edən yerli sakinlərin narazılığına səbəb olub. Maraqlıdır, belə biabırçı ab-havanın hökm sürdüyü bir missiya seçki kimi məsuliyyətli bir prosesi necə adekvat qiymətləndirəcək?
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, ATƏT-in seçkilərlə bağlı ölkəmizdə olan müşahidə misiyası xüsusi tapşırıqla gəlib. Parlament üzvünün sözlərinə görə, hətta ola bilsin, seçkilərdən sonra yayılacaq hesabat Avropada öncədən yazılıb, gətirilib:
"Onlar sadəcə seçkinin başa çatmağını gözləyirlər ki, öz "rəylərini" açıqlasınlar. Xüsusilə AŞPA-da Azərbaycana qarşı ədalətsizlik ediləndən sonra ATƏT-dən gəlmiş müşahidəçi misiyasına müsbət heç nəyi qeydiyyata alamamağın tapşırıldığını hesab edirəm. Müşahidə missiyasının üzvləri arasındakı fikir ayrılıqları bundan irəli gəlir. ATƏT-in müşahidə misiyası bundan əvvəl keçirilmiş seçkilərdə də heç vaxt müsbət rəy açıqlamayıblar. Azərbaycana ikili standartlardan yanaşıblar. Xüsusilə öz ərazilərimizdə suverənliyi təmin etməyimiz Qərb tərəfindən heç cürə həzm edilmir. Bu baxımdan ATƏT-in müşahidə missiyasının nə deyəcəyini yaxşı bilirik".
Deputat diqqətə çatdırıb ki, azad seçkinin keçirilməsi və demokratik cəmiyyətin qurulması bizim könüllü seçimimizdir:
"Seçkiləri Qərbin xoşuna gəlmək üçün demokratik keçirmirik. İstəyirik ki, seçkidə xalq öz iradəsini azad və sərbəst şəkildə ifadə etsin. Hətta seçkidən əvvəl insanlar arasında aparılan monitorinqlər zamanı xalqın hər bir nümayəndəsi öz seçmini çoxdan etdiyini bildirir. Seçmini etməyənlər Qərbin 5-ci kolonunun üzvləridir. Ona görə seçim etmirlər ki, onlar Qərbdən aldıqları sifarişlərin quludurlar. Ölkəmizə düşmən gözü ilə baxanlar bilməlidirlər ki, Azərbaycan xalqının iradəsini heç nə dəyişə bilməz".