- Rusiya Avropanın aparıcı ölkələrinə qarşı yeni təzyiq taktikası yürüdür
Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi fonunda siyasi ritorika getdikcə sərtləşir. Moskva bu dəfə hədəf kimi Avropanın aparıcı ölkələrindən biri olan Almaniyanı seçib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın hazırkı hakimiyyətinin müharibəyə ehtiyac duyduğunu və bunu gizlətmədiyini iddia edib.
Onun sözlərinə görə, kansler Fridrix Mertsin rəhbərlik etdiyi Berlin Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, müharibədən ölkə daxilindəki problemlərin diqqətdən yayındırılması və hakimiyyətin mövqelərinin qorunması üçün istifadə etməyə çalışır. Zaxarova bununla kifayətlənməyərək Almaniyanın artıq Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olduğunu da bildirib. Rusiya XİN rəsmisinin fikrincə, Berlinin Kiyevə siyasi və hərbi dəstəyi Almaniyanın münaqişədə tərəf kimi çıxış etdiyini göstərir. Bu açıqlamalar isə Moskvanın Avropanın aparıcı dövlətlərinə, xüsusilə də Almaniyaya qarşı təzyiq ritorikasını daha da gücləndirdiyini göstərir. Digər tərəfdən, Almaniya Ukraynaya hərbi və siyasi dəstək versə də, Berlinin özünün də müəyyən qırmızı xətləri qorumağa çalışdığı görünür. Almaniyanın mövqeyi həm Avropa İttifaqının ümumi siyasəti, həm də NATO çərçivəsində təhlükəsizlik yanaşmaları ilə sıx bağlıdır. Eyni zamanda, Avropa ölkələri Rusiyadan mümkün hərbi təhdidlər fonunda öz müdafiə imkanlarını gücləndirməyə, hərbi xərcləri artırmağa və müdafiə sənayesinin istehsal potensialını genişləndirməyə çalışırlar. Bəs Zaxarovanın Almaniya hakimiyyətinin müharibəyə ehtiyacı olduğu barədə iddiası nə dərəcədə əsaslıdır? Berlinin Ukraynaya verdiyi hərbi-siyasi dəstəyi Rusiyanın münaqişəyə birbaşa iştirak kimi təqdim etməsi hansı məqsədlərə xidmət edir? Moskvanın Almaniya və digər Avropa ölkələrinə qarşı sərt ritorikasının arxasında hansı mesajlar dayanır və bu təhdidlər Avropanın Ukraynaya dəstək siyasətinə təsir göstərə bilərmi? Mövzunu politoloqla müzakirə edəcəyik.
Politoloq Elçin Xalidnəyli Sherg.az-a söyləyib ki, Zaxarovanın Almaniyanın indiki hakimiyyətinin müharibəyə ehtiyacı var kimi bir açıqlaması mənim nəzərimdə məntiqsiz və absurd görünür:
“Çünki Avropa ölkələrinin heç biri hazırda müharibəyə meyilli deyil. Digər tərəfədən, heç bir Avropa ölkəsi müharibəyə hazır deyil. Ona görə ki, müharibə mövcud problemləri arxa plana keçirən vasitə hesab olunmur. Ümumiyyətlə müharibə dağıdıcı xarakter daşıyır, əgər Almaniyaya problemləri gizlətmək üçün müharibə lazımdırsa, bu, daha dağıdıcı nəticələr verə və Almaniyanın daxili problemlərini daha da dərinləşdirə bilər. Bütün bunlar onu göstərir ki, Zaxarovanın iddiası tamamilə absurd və məntiqsiz xarakter daşıyır”.

Almaniyanın Ukrayna savaşında iştirakına gəldikdə isə, analitik qeyd edib ki, həqiqətən də Almaniya Ukraynaya hərbi-siyasi dəstək verir:
“Ancaq bu hərbi-siyasi dəstəyin müəyyən qırmızı cizgilərini də qorumağa çalışır. Yəni Almaniyanın Ukraynaya verdiyi hərbi-siyasi dəstək daha çox Avropa Birliyinin ümumi hərbi-siyasi dəstəyinin tərkib hissəsidir. Yəni Avropa Birliyinə üzv olan digər ölkələr hansı səviyyədə Ukrayna savaşının iştirakçısıdırsa, həmin səviyyədə də Almaniyanı Ukrayna savaşının iştirakçısı hesab etmək olar. Yəni Almaniya burada təkbaşına Ukraynaya dəstək verən tərəf rolunda çıxış etmir. Avropa Birliyinin ümumi dəstək strategiyasının icraçıları sırasında yer alır. Bütün bunlar onu göstərir ki, Rusiya Avropada bəzi ölkələri, xüsusilə də Avropa Birliyinin avanqard ölkələrini hədəfə almaqla müəyyən təzyiq taktikası yürütməyə çalışır. Zaxarovanın açıqlamaları Kremlin mövqeyini ifadə etməklə yanaşı, Almaniya kimi Avropa Birliyi ölkələrinə təzyiq və təhdid xarakteri daşıyır. Rusiya demək istəyir ki, əgər Ukraynaya hərbi-siyasi dəstək davam etdirilərsə, o zaman Almaniya birbaşa Rusiya ilə müharibə vəziyyətinə düşə bilər və bu da, təbii ki, Almaniyaya qətiyyən sərf etmir. Belə bir təhdid Almaniyada müəyyən narahatlıq doğura bilər. Həmçinin Avropa ölkələrinə hərbi-siyasi təzyiqləri, təhdidləri daha effektiv xarakter daşıya bilər. Çünki Avropa ölkələri hazırda savaş potensialından uzaqlaşmış vəziyyətdədir. Bu ölkələrin orduları hələlik hər hansı bir savaşa hazır deyil. Hərbi-sənaye kompleksləri yüksək texnologiyalı silahları böyük sürətlə istehsal etmək imkanlarından uzaqdırlar. Hazırda Avropa ölkələri öz hərbi müdafiə sahəsinə genişmiqyaslı maliyyə vəsaiti ayırmaqla məşğuldurlar. Və əsas səbəb də Rusiyadan gözlənilən hərbi müdaxilə təhlükəsi ilə bağlıdır. Və bu qarşıdurma da, təbii ki, Rusiya və Avropa ölkələri, o cümlədən də Almaniya arasında olan qarşıdurma, Avropa ölkələrini təhlükəsizlik arxitekturasına daha ciddi yanaşmaq məcburiyyətində buraxa bilər. Və eyni zamanda Avropa ölkələrinin Ukraynaya yönəlik hərbi dəstəyini daha da intensivləşdirə bilər”.