Gürcüstan nümayəndə heyəti MSK-da olub

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında olub. 

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, iki ölkə arasındakı münasibətlər həm də ali seçki orqanları arasında sıx əməkdaşlığın qurulmasına səbəb olub. 

M.Pənahov qeyd edib ki, seçki sisteminin inkişafında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi mühüm rol oynayır.  O bildirib ki, seçicilərin seçki məntəqələrinə gəlib öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb. 

Gürcüstan nümayəndə heyətinin rəhbəri Giorgi Kalandarişvili seçki prosesində şəffaflığın xüsusi əhəmiyyət kəsb etdiyini deyib və bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Qonaq seçkinin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyinə əminliyini ifadə edib.