Təxribatı törədənlər Paşinyanı devirmək istəyən qüvvələrdir
Zərdüşt Əlizadə: “Mən düşünürəm ki, şərti sərhədlərdə baş verən indiki təxribatın arxasında Rusiya dayanır”
“Həmin dairələr indiyədək bir çox yola baş vurublar, amma seçkilər, mitinqlər, etiraz aksiyaları nəticə verməyib”
Azərbaycan-Ermənistan şərti sərhədində aylar sonra atəşkəs pozuldu. Şərti sərhəddə Ermənistan tərəfindən açılan atəş Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisinin yaralanması ilə nəticələndi. Ermənistan tərəfi verdiyi açıqlamada atəşin açılması ilə bağlı araşdırmaların aparıldığını bildirdi. Azərbaycan baş verənlərə görə Ermənistan hərbi, siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirərək fervalın 13-də "Qisas əməliyyat"ı keçirdi və hərbçimizə atəş açılmış erməni döyüş postunu məhv etdi. Uzun müddət idi ki, nisbi sakitliyin hökm sürdüyü sərhəd bölgəsindəki vəziyyət hər iki ölkənin siyasi liderləri tərəfindən sülh danışıqları prosesində müsbət məqam kimi vurğulanırdı. Onu da qeyd etməliyik ki, bütün bu baş verənlər həm də, Azərbaycanın Avropa İttifaqına xəbərdarlıq etməsi ilə eyni günə təsadüf edir. Fevralın 12-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Təbii ki, baş verən bu hadisənin günahkarı Ermənistandır. Hər dəfə cavabını alsa da, nəticə çıxarmır. Məsələ ondadır ki, Azərbaycan Ermənistana da digər sərhəd qonşuları kimi yanaşmaq arzusundadır və heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etmir. Ancaq biz bunu Ermənistan tərəfinin çıxışlarında, Paşinyanın siyasi gedişlərində görmürük. Paşinyanın zərurət olmadan “The Telegtaph” nəşrinə müsahibəsində aqressiv açıqlamaları da sülh istəyən adamın çıxışı deyildi. Eyni zamanda Ermənistan dayanmadan silahla təmin olunur. Dəfələrlə vurğulanıb ki, Ermənistan Fransadan, Hindistandan silah alır, regionda sülh danışıqlarına zərbə vurmaq üçün gedişlər gedir, gərginliyi artırır. Ancaq bütün bunlara həmişə insan haqlarından, antiterrordan danışan Qərb reaksiya vermir. Açıq-aşkar Ermənistanı üstümüzə salmaqla Rusiya, İran sərhədləri yaxınlığında yeni bir münaqişə ocağı yaratmağa cəhd edirlər. Azərbaycanı yenidən böyük savaşa, müharibəyə çəkirlər. Nikol Paşinyan isə israrla baş verənlərə görə məsuliyyət daşımadığını, təxribatı "Yerkrapa" adlı terrorçu təşkilat üzvlərinin törətdiyini deyir. Hətta baş nazir Ermənistan Müdafiə Nazirliyinə tapşırıq verib ki, hərbi qulluqçular Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdır. Paşinyan əlavə edib ki, hökuməti sülh prosesini davam etdirəcək: "Çünki əminik ki, bunun alternativi yoxdur".
Qeyd edək ki, Ermənistan ordusunda da kadr dəyişiklikləri aparılıb. General-leytenant Kamo Koçunts Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib. Hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini, general-mayor Artak Budayqan isə Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub. KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov isə bildirib ki, Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialı yüksəkdir. Rusiyalı politoloq Sergey Markov deyib ki, Ermənistan ordusu AB missiyasının yerləşdiyi ərazidən zərbələr endirib. Onun sözlərinə görə, zərbə mübadiləsinin təşəbbüskarı fransız kəşfiyyatı da ola bilər: "Makron Rusiyanı bu mövqedən çıxarmaq üçün Ermənistanın əsas hərbi müttəfiqinə çevrilmək istəyir. Fransa, AB və NATO buna görə də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan əsas faydalananlardır”. Bəzi ekspertlər isə təxribatın revanşist qüvvələrin və onlara dəstək verən Rusiyanın əli ilə törədildiyini iddia edirlər.
Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, təxribatı törətməkdə ittiham olunan "Yerkrapa" təşkilatı Birinci Qarabağ müharibəsi dövründə siyasi-ictimai təşkilat kimi meydana çıxıb. Ekspertin sözlərinə görə, "Yerkrapa"nın erməni parlamentində nümayəndələri də olub:
"O vaxtlar həmin təşkilatın üzvlərinin çoxu müharibə veteranları və tanınmış, zəngin insanlardan ibarət idi. İndi bu təşkilatın Baş nazir Nikol Paşinyana qarşı olduğu deyilir. Azərbaycan-Ermənistan şərti sərhədlərində baş verən son hadisələrdən də aydın olur ki, təxribatı törədənlər Paşinyan hökumətini devirmək istəyən qüvvələrdir. Həmin qüvvələr də revanşist, radikal siyasi müxalifətdir. Həmin dairələr Paşinyanı devirmək üçün indiyədək bir çox yola baş vurublar, amma seçkilər, mitinqlər, etiraz aksiyaları nəticə verməyib. Ona görə də bu cür təxribatlar törətməklə öz məqsədlərinə nail olmağa çalışırlar. Hesab edirlər ki, əgər tərəflər arasında qarşıdurma yaranarsa və lokal hərbi əməliyyatlar müharibəyə çevrilərsə, Ermənistan yüz faiz növbəti dəfə ağır məğlubiyyətə düçar olacaq. Hazırda güc strukturlarında mövcud olan və sülh istəməyən revanşist qüvvələr də bundan istifadə edərək ölkədə yeni üsyan dalğasını başladacaqlar. O baxımdan bu təxribatı sadəcə Paşinyana yox, eyni zamanda Ermənistana və erməni xalqına yönəlik də hesab etmək olar. Ermənistanda siyasi müxalifət dövlətin, xalqın mənafeyini öz ambisiyalarına, siyasi maraqlarına qurban verirlər".
Z.Əlizadə əlavə edib ki, təxribatların törədilməsində daxili qüvvələrin kənardan dəstək alması da mümkündür:
"Daha çox Qərbin adı hallanır, ancaq mən düşünürəm ki, şərti sərhədlərdə baş verən indiki təxribatın arxasında Rusiya dayanır. Çünki Ermənistandakı siyasi və revanşist müxalifətin əsas dəstəkçisi və himayədarı Moskvadır. Ermənistan ordusundakı demək olar ki, bütün generallar Rusiyanın təsiri altındadır. Silahlı qüvvələr Kremlə bağlıdır. Ona görə təxribatın düyməsinin Rusiyadan basıldığı, oyunun arxasında Moskvanın dayandığı şübhə doğurmur".