Fransa Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı əməliyyatları həyata keçirə biləcək bir qərargah kimi istifadə etməyə çalışır
“Görünür, rəsmi Paris Üçüncü Qarabağ müharibəsi düşüncələrinə qapılıb. Afrikadan qovulan Fransa öz strateji məğlubiyyətini Cənubi Qafqaz hesabına kompensasiya etmək istəyir və bunun üçün Ermənistandan istifadə olunur”
Ötən həftə Paris və İrəvanda Fransa-Ermənistan əlaqələrinin genişlənməsi müzakirə olundu. Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü. Ardınca Fransanın müdafiə naziri Sebastian Lekornu İrəvana səfər etdi. Ermənistanın müdafiə naziri Suren Papikyan Lekornu ilə hərbi əməkdaşlığa dair sənədlər paketi imzaladılar. Digər müqavilə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalandı. Sazişlərin detalları açıqlanmadı. Bundan əlavə, Paris İrəvanda hərbi mövcudluğunu da artırmaq niyyətindədir. Fransa Ermənistana radarlar, gecəgörmə qurğuları tədarük edib. Yeni sazişlərlə Ermənistana qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə vasitələri tədarük ediləcək. Paris həmçinin İrəvana "Bastion" zirehli texnikalarının yeni partiyasını göndərəcək. Fevralın 23-də Paşinyan da fransalı nazirlə müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər. Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar. Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək. Ümumilikdə görünür ki, Fransa Ermənistanı yeni müharibəyə hazırlaşdırır. Bu hərbi dəstəklə yanaşı siyasi dəstək də hiss edilir. Parisdən Ermənistanı şirnikləndirən bəyanatlar səsləndirilir. 44 günlük müharibədə Putinin KTMT-nin müdaxiləsinin mümkünsüzlüyünü bildirməsi Ermənistanın Rusiya ilə bağlı ümidlərini puça çıxardı. Bu vəziyyətdə Ermənistanın Qərbə, Fransaya sığınması təbiidir. Parisin sınıq-salxaq silahları Ermənistana göndərməsi də bir növ başadüşüləndir. Paris həmin texnikaları əvvəl Ukraynaya göndərmək istəyib. Ancaq Kiyev bu silahların taktiki-texniki xüsusiyyətlərinin aşağı səviyyədə olmasını nəzərə alaraq, onlardan imtina etdi. Bu mənada Fransanın İrəvanı silahlandırması, bu ölkənin müdafiə nazirinin səfərində başlıca məqsəd Ermənistan ordusunun döyüş hazırlığını yüksəltməkdir. Fransa Ermənsitanı bu dalandan çıxartmaq üçün çabalayır. Parisin məqsədi Afrikada itirdiyi mövqeləri Cənubi Qafqaz hesabına kompensasiya etməkdir. Azərbaycanın keçən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatından qabaq Fransa Xankəndiyə 500 nəfərlik dəstək missiyası göndərmək istəyib. Ancaq Azərbaycanın atdığı addım nəticəsində Parisin bu çirkin niyyəti boşa çıxdı. Şübhəsiz, Fransanın Ermənistanı silahlandırması, müdafiə nazirinin gəlişi Azərbaycana qarşı yönələn təzyiq elementidir. Bu gün Qərb mediasında genişlənən anti-Azərbaycan isterikası, Qərbdə və İrəvanda "Azərbaycanın hücuma hazırlaşması" haqda bəyanatlar bu müharibə üçün informasiya fonunun yaradılması məqsədi güdür. Qərb mediasında “Ermənistana təhdid olan Azərbaycan” haqda təbliğatın genişlənməsinin məqsədi ictimai rəyi planlaşdırdıqları təxribata hazırlamaqdır. Məqsəd Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi və bununla da, danışıqlar prosesində onun mövqelərinin gücləndirilməsidir. Müharibə üçün Ermənistandakı və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Qərbdə və Ermənistanda “Azərbaycanın hücuma hazırlaşması” təbliğatı fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılmasında da məqsəd vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır. Lakin unutmasınlar ki, Azərbaycan ən müasir silah və hərbi texnikaya sahib güclü Orduya malik bir ölkədir. Fransa nə qədər çabalasa da, Ermənistan ordusu Azərbaycan Ordusunun qarşısında aciz olaraq qalmaqda davam edəcək. Fransanın bütün cabalarına rəğmən onlar balansı heç zaman Ermənistanın xeyrinə dəyişə bilməyəcək.
Millət vəkili Elman Nəsirov “Sherg.az”a deyib ki, Makronun Paşinyanla görüşdən sonra verdiyi açıqlamalar Fransa dövlət başçısının köhnə ampluasında olduğunu göstərdi. Deputatın sözlərinə görə, Makron son insidentlərlə bağlı Ermənistanı müdafiə edir, eyni zamanda Azərbaycana təzyiq göstərmək istəyir:
"Fransa Ermənistanı təhlükəsizlik və müdafiə adı altında silahlandırır. Bu gün Fransanın Ermənistana göndərdiyi silahlar revanşizmin gücləndirilməsi deməkdir. Görünür, rəsmi Paris Üçüncü Qarabağ müharibəsi düşüncələrinə qapılıb. Afrikadan qovulan Fransa öz strateji məğlubiyyətini Cənubi Qafqaz hesabına kompensasiya etmək istəyir və bunun üçün Ermənistandan istifadə olunur. Ermənistanın davranışları bölgədə konfranstasiya mühitinin formalaşmasına gətirib çıxara bilər. Silah alış-verişi kontekstində ortaya çıxan digər bir məqam Ermənistandakı konstitusiya islahatları ilə bağlıdır. İslahatlarda Ermənistanda başqa bir ölkənin hərbi bazasının saxlanılmaması məsələsi də yer alır. Bu isə o deməkdir ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazadan imtina etməlidir. Belə aydın olur ki, Ermənistanda konstitusiya islahatları adı altında Rusiyanı Fransa ilə əvəz etmək planları icra olunur. Bu isə yaxın bir zamanda Rusiya və Ermənistan arasında çox ciddi gərginliyin formalaşmasına gətirib çıxaracaq. Bunun Paşinyan hakimiyyəti üçün mürəkkəb nəticələr verəcəyini proqnozlaşdırmaq olar".
Siyasi şərhçi Aqşin Kərimov da bildirib ki, Fransa və Ermənistan Azərbaycanı provokasiyaya çəkir, lakin Bakı strateji təmkin göstərərək cavab üçün uyğun zaman gözləyir:
"Fransa Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı əməliyyatları həyata keçirə biləcək bir qərargah kimi istifadə etməyə çalışır. Paris və İrəvan Azərbaycan üzərindən Rusiyaya qarşı müqavimət oxu yaradıb. Rəsmi Bakını NATO ilə Moskva arasında rəqabət arasında sıxışdırmağa cəhd edir. Azərbaycan isə geosiyasi oriyentasiyada üstünlük təşkil edən strateji məramını saxlamaq üçün balanslaşdırma aktına daha böyük diqqət yetirir. Azərbaycan bunun yaxın və ya bir qədər uzaq gələcək üçün doktrinasını quracağı çəkindirmə aktları ilə mükəmməlləşdirə bilər. Azərbaycan çəkindirmə üzrə portfelini qüvvətləndirmək üçün Ermənistana qarşı alternativ əməliyyat hüququna müraciət etməyi seçə bilər. Ermənistan üzərindən yaradıla biləcək daha fərqli regional reallıq Fransanın da müqavimətini sındırmaq gücünə malikdir. Lakin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı regionun təhlükəsizlik balansını dağıtmağa çalışan qüvvələrə qarşı hərəkətə çağırır. Bu təmkinin mümkün səbəbi regiondakı həssas təbəqələrin tərpənmə riskidir, amma təhdid layları yerindən oynasa belə, Bakının özünü müdafiə edəcək gücü və potensialı mövcuddur. Ermənistan isə müdafiə üçün praktiki boşluqlardadır, nə hərbi resurslar, nə silah arsenalı İrəvana xoşbəxt qorunma bəxş edə bilir. Hərçənd İrəvan Fransanın Ermənistanı silahlandırmasını özü üçün yeganə xilas şansı kimi görməkdədir. Bununla belə, həmin silahların Azərbaycan əleyhinə geosiyasi gerçəklik yarada bilmək iqtidarı yoxdur, çünki reallıq formalaşdırmaq üçün hərbi resurslar böyükölçülü potensiala malik olmalıdır".