Fransa kimi ölkələr regiona soxulmaq istəyirlər - Məqsədləri...

  Fransa inadla Cənubi Qafqazda regional sabitliyi pozmağa davam edir. Rəsmi Paris Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Fransanın verdiyi arxayınlıq, dəstək vədi artıq Ermənistanın hərbi-siyasi rəhbərliyinin çıxışlarında da özünü büruzə verir. Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan Fransanın hərbi və diplomatik dəstəyini qabardırlar. Çünki Fransa və başqa ölkələr Ermənistanı silahlandırma yarışına giriblər. Ermənistan Fransadan 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satın alıb və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb. Amma bu, hərbi əməkdaşlığın yalnız görünən üzüdür. Fransa 44 günlük müharibədən sonra dərin böhran içində olan Ermənistan ordusunda islahatların aparılmasını vəd verib. Fransa nəinki Ermənistana silah satışı həyata keçirir, islahat vədi verir, artıq birgə silah istehsalını da müzakirə edir. Mətbuatda Fransanın “Safran Group” şirkətinin Ermənistanla birgə silah və komponentlərinin istehsalına başlamağı planlaşdırması xəbəri yayılıb. Şirkətin aviasiya komponentləri, görmə cihazları və pilotsuz uçuş aparatları (PUA) istehsal etdiyini nəzərə aldıqda, əməkdaşlığın hansı istiqamətlərdə gedəcəyi aydın olur. Fransanın Cənubi Qafqaza nüfuz etməsi üçün istifadə olunan əsas element isə Azərbaycan-Ermənistan şərti sərhədinə yerləşdirilən Avropa İttifaqının monitorinq missiyasıdır. 2023-cü ilin fevralında Ermənistana yerləşdirilən missiya Azərbaycanla sərhəddə sabitlik və təhlükəsizlik şüarı altında fəaliyyətini genişləndirir. Avropa İttifaqı bu ilin yanvarında missiya üzvlərinin sayının 138 nəfərdən 209-a qədər artırılmasına qərar verib. Azərbaycanla Ermənistan arasında sərhəddə sabitlik möhkəmləndikcə, sülh danışıqları davam etdikcə, missiyanın kontingentinin genişlənməsi qəribədir. Missiyanın tərkibi də şəffaf deyil. Buraya Fransa kəşfiyyatına xidmət edən, güc strukturlarında xidmət edən şəxslər daxildir. Bu isə Aİ Monitorinq Missiyasının mülki xarakter daşıması barədə fikirləri təkzib edir. Fransa Milli Jandarm İdarəsinin briqada generalı Uilyam De Meyerin bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədinə baş çəkməsi, Azərbaycan ərazilərini binoklla müşahidə etməsi də Fransanın mülki missiyadan hərbi və kəşfiyyat məqsədilə istifadə etməsinə dəlalət edir. Artıq Fransa öz niyyətini gizlətməyə belə cəhd etmir. Ötən ilin dekabrında Fransanın casus şəbəkəsinin Azərbaycanda ifşa olunması faktını da yada salsaq, regionda Azərbaycana qarşı casus hücumlarının təşkil edildiyini söyləmək olar. Göründüyü kimi, Fransa Cənubi Qafqazda gərginlik ocağının qalmasında, regionun hərbiləşməsində, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı qeyri-müəyyənliyin qalmasında maraqlıdır. Ermənistan hökumətinin qeyri-ardıcıl, xaotik və iradəsiz siyasəti də Fransaya bu siyasətini müəyyən dərəcədə həyata keçirməyə imkan verir. Amma istənilən halda, Azərbaycanın Fransanın regiondakı nüfuzunu neytrallaşdırmağa, regionda status-kvonun və güc balansının süni şəkildə dəyişdirilməsinə imkan verməmək üçün kifayət qədər siyasi, diplomatik və hərbi gücü var.
  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a deyib ki, Azərbaycan Cənubi Qafqaz regionunda elə bir siyasət aparır ki, bu siyasət Qərbin "ümumbəşəri dəyərlər" adı altında öz məkrli siyasətini icra etməsini ifşa edir, onların qərəzli əməllərini ört-basdır edən pərdəni cırıb atır. Komitə sədri vurğulayıb ki, cənab Prezidentin andiçmə mərasimində "biz dünyada ləkə kimi qalan neokolonial siyasətə qarşı mübarizəmizi davam etdirəcəyik" ifadəsini işlətməsi təsadüfi deyildi:

"Dövlət başçısı qeyd etdi ki, heç kim düşünməsin ki, biz bu məsələdə israrlı deyilik. Əksinə, dünyanın mütərəqqi qüvvələri ilə birlikdə bu biabırçılığa qarşı öz mövqeyimizi açıq şəkildə bildirəcəyik. Bu yalnız Fransaya aid deyildi, ümumiyyətlə, dünyaya mesaj idi. Ancaq belə bir misal var. Deyirlər ki, "oğru dərhal söhbətin kimdən getdiyini anlayır". Fransanın hazırda qərəzli və kəskin mövqedə israr etməsi Azərbaycanın apardığı siyasətin nə dərəcədə doğru olduğunu sübut edir. Biz Fransanın siyasətini ifşa etdikcə, onlar öz mövqelərindən çəkinmirlər. Amma bu işfaetmə siyasəti davam etdiriləcək. Əslində, bunu etməyə məcburuq. Çünki Fransa kimi ölkələr regiona soxulmaq istəyirlər. Məqsədləri bölgədə çaxnaşma yaratmaqdır. Azərbaycan buna qarşı mübarizə aparır və aparacaq".
  Parlamentari bəyan edib ki, Münhen Təhlükəsizlik Konfransında cənab Prezidentlə görüşmək istəyənlərin növbəyə durmasını gördük və buna təəccüblənmək lazım deyil: "Getdikcə Avropa daxilində də başa düşürlər ki, Fransanın apardığı siyasət destruktivdir. Digər ölkələrlə yanaşı, Macarıstan da Avropa Şurasına məktub göndərib və Azərbaycan nümayəndə heyətinin pozulmuş hüquqlarının bərpasını istəyib. Belə müraciətlər çoxalacaq. Xatırladım ki, Azərbaycan bu il COP29-a, bir neçə il sonra BMT-nin ən nüfuzlu beynəlxalq konfransına ev sahibliyi edəcək. Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edir. Qoşulmama Hərəkatına böyük töhfələr verir. Bunlar hamısı dünyanın dəyişdiyindən, yeni reallıqların və təhlükəsizlik sisteminin formalaşmasından xəbər verir. Təəssüflər olsun ki, bu yeni dünyanın içərisində elə qüvvələr var ki, Azərbaycanın yaratdığı reallığı qəbul etmək istəmirlər. Onların arasında əsas yerləri tutanlardan biri də Fransanın Makron hakimiyyətidir. Fransada hakimiyyət dəyişəcək və görəcəksiniz ki, ölkə daxilindəki hansısa qüvvələr Makronun hiyləgər siyasətinə qarşı çıxmağa başlayacaqlar".