“Bu addım Rusiyanı daha çox qəzəbləndirməklə yanaşı, həm də Kiyev öz tərəfdarlarını, məsələn, Azərbaycanı itirə bilər”
Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər ehtimalını müzakirə edib. Paşinyan Zelenskinin səfəri ilə bağlı razılaşmanın Münhendə əldə edildiyini bildirib. Baş nazir vurğulayıb ki, Qərb Zelenskinin İrəvana səfərini təklif etsə də, bir neçə sutka düşündükdən sonra razılaşıb və cavab verib. Deyib ki, əgər bu, regional səfər olacaqsa, Zelenskini Ermənistanda qəbul etməyə hazırdırlar, amma bir şərtlə - Zelenski Azərbaycana da səfər etsin. Erməni ekspertlərin fikrincə, ümumi maraqlar kontekstində Zelenskinin Azərbaycana səfəri xoş görülə bilər, amma Ermənistana müəyyən təsirləri olacaq. Düzdür, Paşinyan açıq şəkildə bildirir ki, Ermənistanın Avropa istiqamətində hərəkət etməkdən başqa yolu yoxdur və digər strateji tərəfdaşlar da bunu ağrılı şəkildə qəbul edəcəklər. Beynəlxalq məsələlər üzrə erməni ekspert Ara Manuçaryan Zelenskinin İrəvana gələcəyinə əmin olmadığını deyib və bildirib ki, elə olarsa, Ermənistan daha böyük təhlükə ilə üz-üzə qalacaq: "Ermənistan hakimiyyəti Zelenskinin təhlükəsizliyinə zəmanət verir, Putinin isə yox. Hakimiyyət Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı Putinə zəmanət verməyə hazır olub-olmadığını belə dəqiqləşdirmir. Kreml sözçüsü bununla bağlı bir neçə dəfə İrəvandan aydınlıq tələb edib".
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Zelenski və Paşinyan Qərbin hakimiyyətə gətirdiyi və dəstəklədiyi liderlərdir. Ekspert vurğulayıb ki, hər iki dövlət başçısının Qərbdəki patronları eynidir:
"Zelenskiyə təlimat veriblər ki, indi İrəvana getmək lazımdır. Paşinyanın indiki halda narahatlığı başadüşüləndir. Rusiyanın hiddətindən, qərəzindən ehtiyatlanan Paşinyan Ermənistanın ərazi bütövlüyünü düşündüyü üçün Qərbin qarşısında Zelenski ilə bağlı şərt irəli sürüb. Baş nazir hesab edir ki, Zelenski İrəvanla yanaşı, Bakıda da olarsa, bu, regional səfər sayılar. Təbii ki, burada rəsmi Bakının mövqeyi, yəni bizim maraqlarımız önəmlidir. Əgər Zelenski Paşinyanın şərti ilə Bakıya gələcəksə, heç gəlməsin, lazım deyil. Ancaq Zelenskinin İrəvana səfər etmə ehtimalı çox azdır. Qərbin tələblərinə baxmayaraq, bu səfər Ukrayna və Ermənistan üçün risklidir. Rusiyanı daha çox qəzəbləndirməklə yanaşı, həm də Kiyev öz tərəfdarlarını, məsələn, Azərbaycanı itirə bilər. O baxımdan o qədər də real görünmür. Hazırda qlobal siyasətdə böyük oyunlar gedir. Bunu bir şahmat oyununa bənzətsək, fiqurların öz yerini müəyyənləşdirməyə çalışdığını deyə bilərik. Hansı siyasi lider daha müdrik və uzaqgörəndirsə, onun ölkəsi siyasi sferada gedən şahmat oyunundan uduşlu çıxacaq. Maksimum da olmasa, minimum uduş əldə edəcəklər. Əksinə, hərəkət edənlər isə ziyan görən tərəf olacaqlar".