İstənilən halda Avropa məkanında növbəti görüşün baş tutması önəmlidir
Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Berlində görüşüblər. Tərəflər sülh müqaviləsi layihəsi ətrafında müzakirələr aparıblar. Nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilib. Qeyd edək ki, fevralın 17-də Münhendə Prezident İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılığa gəliblər. Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, Almaniya alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Məlumat üçün bildirək ki, Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə də görüşüb. Nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, Fransa açıq-aşkar Ermənistanın tərəfini tutur və İəvanın mövqeyindən çıxış edir. Partiya rəhbərinin sözlərinə görə, bununla kifayətlənməyən Paris Bakı əleyhinə qərəzli addımlar atır:
"Hətta daha da irəliyə gedərək Ermənistanı silahlandırır, onu təxribatlar törətməyə təhrik edir. Uzun müddət Avropa məkanında tərəflər arasında təmasların olmamasının əsas günahkarı məhz Fransa Prezidenti Makron idi. Fransa rəhbərinin təxribatçı fəaliyyəti sayəsində tərəflər arasındakı danışıqlar prosesində fasilə yarandı və şərti sərhədlərdə təxribatlar oldu. Ümumiyyətlə, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Almaniya və Fransa arasında birliyə liderlik uğrunda ciddi rəqabət başladı. Bu rəqabət bir çox sferalarda özünü göstərir. Münhendə Almaniya kanslerinin görüş təşəbbüsü ilə çıxış etməsini də bu çərçivədə dəyərləndirmək olar. Görüş məkanı olaraq Berlinin seçilməsi liderlərin Münhen görüşünün davamı kimi görülə bilər. İstənilən halda Avropa məkanında növbəti görüşün baş tutması önəmlidir".
A.Əlizadə qeyd edib ki, Almaniya vasitəçi olaraq prosesdə iştirak etmir, sadəcə, müzakirələr üçün məkan təklif edir: "Azərbaycanın mövqeyi ondan ibarətdir ki, tərəflər vasitəçisiz görüşlərə üstünlük verməlidir. Çünki artıq hamıya aydındır ki, vasitəçilər öz maraqlarından çıxış edirlər. Nəticədə problemləri çözmək mümkün olmur. İkitərəfli təmaslarla nəyəsə nail olmaq mümkündür. Rəsmi Bakının qalib tərəf olaraq təklifləri, irəli sürdüyü 5 əsas baza prinsipləri ortadadır. Razılaşmalar da məhz həmin prinsiplər əsasında olmalıdır. İrəvan prosesdə irəliləyiş olmağını həqiqətən istəyirsə, tələbləri qəbul etməli və öhdəliyini yerinə yetirməlidir. Azərbaycan öz problemlərini faktiki olaraq həll edib. Sülhdə Ermənistan daha çox maraqlı olmalıdır".