Makronun içi boş sözləri ilə Rusiya geri çəkilməyəcək - RƏY

Avropa dövlətləri də müharibədə iştirak etmək istəmirlər

  Fransa Prezidenti Emmanuel Makronun Qərb dövlətlərinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə açıqlaması beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Makronun Qərb quru qüvvələrinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatı Fransa üçün biabırçılıqdır: "Kimi və hara göndərəcək? Zelenskinin bunkerini qorumağa? Əlbəttə ki, Fransa üçün belə ayıbdır. O özünü dövlət başçısı, siyasətçi kimi ifşa etdi. Bununla da kifayətlənmədi. Bu, antihitler koalisiyasının sıralarında bugünkü Fransanın BMT Təhlükəsizlik Şurasında yer almasını təmin edən insanlara atəş açmaqdır". Avropa mətbuatı yazır ki, Fransanın Ukraynaya Qərb ölkələrinin hərbçilərini göndərmək təklifi avropalı müttəfiqləri ilə bir neçə həftə müzakirə edilib. Lakin əksəriyyət bunun əleyhinə olduğunu söyləyib. Mərkəzi Avropa ölkələrindən iki mənbə Qərbin Ukraynaya öz ordusunu göndərə biləcəyinə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, Rusiya ilə birbaşa hərbi qarşıdurma qorxusu həddən artıq böyükdür və bəzi Qərb ölkələrinin hərbi resursları çox məhduddur.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Makrondan başqa heç bir Qərb ölkəsinin lideri və ya müdafiə naziri bu barədə açıqlama verməyib. Görünür, Makron bu yolla Rusiya ordusunun Ukraynada irəliləməsindən narahatlığını ortaya qoyub:

"Makron bunun qarşısını almaq üçün məlum ifadəni işlədib ki, Kreml narahat olsun. Ancaq məsələ burasındadır ki, içi boş sözlərlə Rusiya geri çəkilməyəcək. Tam əksinə, Makronun dedikləri reallaşmasa, rusiyalı rəsmilər “nə oldu, bəs üstümüzə gəlirdiz” kimi kinayəli cümlələr işlədəcəklər. NATO ölkələri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmirlər, hətta Ağ Ev və Pentaqon Makronun açıqlamasını dəstəkləməyib. Avropa dövlətləri də müharibədə iştirak etmək istəmirlər. Ukraynaya silah və hərbi texnika göndərməklə, vətəndaşlarını ölümə göndərmək arasında böyük fərq var. Fransanın özündə də Makronun açıqlaması tənqid olunub, fransalı gənclər Ukraynada ölmək istəmirlər.
  Ukraynaya hərbi qüvvələrini göndərmək istəyən Makron eyni istəyi Ermənistan üçün də səsləndirə bilər. Ancaq Fransa hərbçilərini Ermənistanda da rahat həyat gözləməyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı siyasətinə görə ikiqat – Rusiya və Azərbaycanın təzyiqi altındadır, üstəgəl, çox sayda fransalı hərbçini ölkəsinə gətirmək istəsə, bölgədə vəziyyət daha da gərginləşəcək və sülh sazişi imzalamaq imkanları miminuma enəcək".