Sülh danışıqları gərginliyə çevrilə bilər? - AÇIQLAMA

Fransa Aİ missiyası adı altında regiona öz jandarmlarını, xüsusi təyinatlılarını, agentlərini yeridir


  "İrəvan və Bakı arasında təmasların davam etməsi, görüşlərin qısa zaman ərzində baş tutması, habelə danışıqlar masasında Bakının irəli sürdüyü beş baza prinsipi əsasında tərtib edilən ilkin sülh sənədinin olması müsbət haldır. Lakin sülh danışıqları getsə də, risk faktorları qalır. Sülh danışıqları rahatlıqla gərginliyə çevrilə bilər". Bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib. Ekspert bildirib ki, başda Fransa olmaqla Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bu proses əsasən iki səpkidə özünü göstərir: 

"Qərb mediasında anti-Azərbaycan isteriyası genişlənir və Ermənistanın silahlandırılması davam edir. Bu gün Qərbdə və Ermənistanda məqsədyönlü şəkildə Azərbaycanın hücuma hazırlaşması haqda dezinformasiyalar yayılır. Bu dezinformasiyalar Fransa və onun dəstəklədiyi media subyektləri vasitəsilə dərc edilib, muzdlu ekspertlər vasitəsilə arqumentləşdirilib tirajlanır. Paris və onun trayektoriyasındakı Qərb ölkələri bu yolla həm qərb auditoriyalarında Azərbaycanın mənfi imicini yaradır, həm də Ermənistan daxilində panika, qorxu və revanşizm meyillərini artırırlar.
  Ermənistan müharibəyə hazırlıq istiqamətində silahlandırılır. Paris bu istiqamətdə Hindistanla ortaq hərəkət edir və maksimum qısa müddətdə İrəvanı lazımi silahlarla təmin etməyə çalışır".
  Analitikin sözlərinə görə, diqqətçəkən məqam budur ki, Fransa Aİ missiyası adı altında regiona öz jandarmlarını, xüsusi təyinatlılarını, agentlərini yeridir: "Şərti dövlət sərhədində yerləşdirilən bu qüvvələr isə açıq-aşkar Azərbaycan haqda kəşfiyyat məlumatlarını toplayıb, “binokl diplomatiyası” üçün casusluq edir.
  Azərbaycan mövcud vəziyyətin və Parisin nə etmək istədiyinin fərqindədir. Buna görə də israrla sülh prosesinə fokuslanıb, təxribatlara cavab vermir. Bizim üçün prioritet sülh müqaviləsidir, lakin məsələ Fransaya cavabdırsa, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bunu təmin edir".