Ermənistan sülh danışıqlarının beynəlxalq gündəmdən çıxmamasına çalışır və bunun üçün ciddi cəhd göstərir
Tofiq Zülfüqarov: “İrəvanın məqsədi müzakirələri beynəlxalq müstəviyə daşımaq və xarici güclərin əliylə Bakıya təzyiq göstərməyə nail olmaqdır”
Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində görüş keçirildi. Nazirlər arasında əvvəlcə ikitərəfli görüş baş tutdu. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirildi. Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib. Fevralın 29-da isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci raundu baş tutub və müzakirələr davam etdirilib. Almaniyanın xarici işlər naziri Annalena Berbok hər iki ölkənin cəsarətli addımlar atdığını söyləyib. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".
Berlin görüşü, gözlənilən nəticə və Almaniya rəsmisinin açıqlamaları ilə bağlı "Sherg.az"a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, yanlış olaraq bizdə belə fikir formalaşıb ki, guya, Azərbaycan heç bir formada vasitəçiliyi qəbul etmir. Sabiq XİN başçısı vurğulayıb ki, burada söhbət üçüncü tərəfin birbaşa vasitəçiliyindən getmir...
- Tofiq müəllim, xarici işlər nazirlərinin Almaniyadakı görüşlərini necə dəyərləndirirsiniz? Müzakirələr üçün əlavə platforma meydana gəlir, yoxsa Berlin sadəcə görüş məkanıdır?
- Berlin görüş və müzakirələr üçün sadəcə məkandır. Digər formatlardan - Moskva, Brüssel, Vaşinqtondan fərqli olaraq Almaniya daha xoşniyyətli yanaşır və görüş üçün öz paytaxtını təklif edir. Rəsmi Berlinin təklifi odur ki, Azərbaycan və Ermənistan müzakirələrini ikitərəfli aparsınlar. Vasitəçilik tamam ayrı məsələdir. Tərəflər arasında vasitəçi olan ölkələr adətən sənədlərin hazırlanmasında, danışıqlar mövzusunun müəyyənləşməsində və digər məqamlarda birbaşa iştirak edirlər. Amma Berlində, o cümlədən Vaşinqtonda dediyim vasitəçilik olmayıb. Nəzərə alaq ki, Avropa İttifaqının vasitəçiliyi gözlənilən nəticə vermədi. Çünki həmin platformada vasitəçi kimi çıxış edən dövlətlər, Avropa rəsmiləri, Fransa Prezidenti E.Makron tərəflərlə razılaşdırılmadan müxtəlif bəyanatlar verirdilər. Görüşlərin vasitəçilərin iştirakı ilə keçirilməsini, prosesin onların nəzarətində getməsini istəyiblər. Azərbaycan da haqlı olaraq buna qarşı çıxıb.
- Azərbaycan və Ermənistan rəsmiləri arasında ikitərəfli görüşlər regiona daha yaxın paytaxtlarda keçirilə bilməzmi?
- Rəsmi Bakının əsas mövqeyi ondan ibarətdir ki, danışıqlar birbaşa və vasitəçisiz aparılsın. Ümumiyyətlə, kənar ölkələrin Cənubi Qafqaz bölgəsinə müdaxiləsinə imkan verilməməlidir. Bölgədən tamamilə getsələr daha yaxşıdır. Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli müzakirələr beynəlxalq gündəmdən çıxmalıdır. Söhbət iki ölkə arasındakı sərhədlərin müəyyənləşməsindən, əlaqələrin qurulmasından, kommunikasiyaların açılmasından gedir. Vasitəçiliyə cəhd göstərən tərəflər çalışırlar ki, bu "vasitəçiliklə" regionda hansısa imkanlara sahib olsunlar.
- Yəni Berlindəki görüşlərdə də hər hansı nəticə olacağına ehtimal vermirsiniz?
- Berlindəki XİN başçılarının görüşlərindən ciddi gözlənti içinə girmək doğru deyil. Onsuz da tərəflər arasında bu və ya digər şəkildə əlaqələr mövcuddur. Canlı təmaslar olmasa belə, internet üzərindən tərəflər 6-7 dəfə sülh sazişi ilə bağlı paketləri bir-birinə təqdim ediblər. Təkliflərin mübadiləsi baş verib və proses gedir. Şərt deyil ki, tərəflər mütləq mənada hər məsələni qarşı-qarşıya oturub müzakirə etməlidirlər. Göründüyü kimi, canlı görüşlərdən də gözlənilən nəticə çıxmır. Əgər hər ikitərəfli görüş nəticə versəydi, Azərbaycan və Ermənistan rəsmiləri Avropanın mərkəzinə, Almaniyaya niyə gedirdilər? İkitərəfli görüşləri sərhədlərdə də təşkil etmək mümkündür. Ancaq görünən odur ki, Ermənistan sülh danışıqlarının beynəlxalq gündəmdən çıxmamasına çalışır və bunun üçün ciddi cəhd göstərir. İrəvanın məqsədi müzakirələri beynəlxalq müstəviyə daşımaq və xarici güclərin əliylə Bakıya təzyiq göstərməyə nail olmaqdır. Təbii ki, bu, qəbuledilməzdir və Azərbaycan da bunu gözəl bilir.
- Ermənistanı silahlandıran və durmadan İrəvanı təhrik edən Fransa Paşinyan hökumətinə normal sülh müzakirələri aparmağa imkan verəcəkmi? Parisi neytrallaşdırmaq, prosesdən uzaqlaşdırmaq mümkündürmü?
- Azərbaycan müstəqil dövlətdir və tam müstəqil siyasət həyata keçirir. Amma Ermənistanın siyasəti hansısa xarici qüvvələrin maraqları kontekstində formalaşır. İşğal vaxtı da beləydi. O zaman Rusiyanın himayəsində idilər. İndi görürlər ki, Rusiya müharibə şəraitindədir, sanksiyalar altındadır və zəifləyib. Fransa kimi ölkələr də bundan istifadə edib İrəvan üzərində dominantlıq qurmağa çalışırlar. Bir növ yaranmış boşluğu doldurmaq niyyəti ilə müxtəlif addımlar atırlar. Ermənistanın təhlükəsizliyini uzun müddət Rusiya təmin edib. İrəvan hökuməti Rusiyanı Qərb ölkəsi ilə əvəzləmək istəyir. Əlbəttə, burada real təhlükədən, daha doğrusu, Ermənistanın təhlükəsizliyinin təmin olunmasından söhbət getmir. Ermənistanın məqsədi arxasına yeni güclər alaraq yenə də öz siyasətlərini davam etdirməkdir. Vəziyyət dəyişdiyi üçün Kreml ermənilərin işğalçılıq siyasətini dəstəkləyə bilmədi. Nəzərə alaq ki, artıq Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi də formalaşıb və güclənib. Ermənilərdən ötrü NATO ölkəsi, özü də Türkiyə kimi qonşu dövlətlə düşmənçilik etmək Moskvaya sərf etmir. Azərbaycan da kifayət qədər güclənib. Fransa da elə vəziyyətdə deyil ki, uzaq bir regionda yerləşən 2-3 milyonluq Ermənistanı tam şəkildə himayəsinə götürsün. Rəsmi Bakı yaxşı bilir ki, Ermənistana vəd edilən yardımların heç 50 faizi də reallaşmayacaq. Sadəcə olaraq həm ermənilər, həm də onları himayə edənlər vaxt uzatmaqla məşğuldur.
- Son günlərdə Avropa təşkilatlarından Azərbaycana yönəlik çağırışlar artmaqdadır. Ötən gün Prezident İlham Əliyev bu məsələyə toxundu, xüsusən AŞPA-ya xəbərdarlıq etdi. Ölkə rəhbərinin Avropaya ünvanladığı sərt mesajları necə şərh edərdiniz?
- Avropada bəzi ölkələr, beynəlxalq qurumlar Fransanın təhriki ilə hərəkətə gəliblər. Azərbaycan əleyhinə çıxışlar edərək, ölkəmizə qarşı qətnamələrin qəbul olunmasına çağırış edirlər. Bakıya sanksiyaların tətbiq edilməsini istəyirlər və s. Görürük ki, Avropa İttifaqı Cənubi Qafqazda və Azərbaycanda müəyyən imkanlara sahib olmaq üçün təzyiq taktikasına keçib. Əslində, Aİ-nin təzyiq kampaniyası təkcə bizə qarşı deyil. Bütövlükdə Azərbaycan-Türkiyə tandeminə və Türk Dövlətləri Təşkilatına yönəlik təzyiqlərdir. Məqsəd Türk dünyasının güclənməsinin, söz sahibi olmasının qarşısını almaqdır. Amma geopolitik faktor olaraq Türk Dövlətləri Təşkilatı artıq real siyasi gücə çevrilib. Şübhəsiz, Azərbaycan-Türkiyə birliyi və TDT Avropanın bütün təzyiqlərini neytrallaşdırmaq gücündədir. Qərb gec-tez, istər-istəməz bizim qapımıza üz tutacaq. Cənubi Qafqazda və Mərkəzi Asiyada var olmaq istəyən Avropa mütləq bizim maraqlarımızı nəzərə almalıdır. Bu, qaçılmaz reallıqdır.