"Cavabımız adekvat olmalıdır"
Avropa Parlamenti xarici, eləcə də Avropa Birliyinin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib. Onların hər biri Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsini və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılmasını tələb edir. Qətnamələrdə Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı şəxsi sanksiyaların tətbiqinə hazırlıq görülməsi, Ermənistana qarşı istənilən "hərbi təcavüz" olacağı təqdirdə Bakıdan neft və qaz idxalının dayandırılması tələb olunur. Sənədlərdə eyni zamanda AB-nin İrəvandakı missiyasının mandatının gücləndirilməsi, onun genişləndirilməsi, qüvvədə olma müddətinin uzadılması və Türkiyə ilə sərhəddə müşahidəçilərin yerləşdirilməsi zərurətindən də bəhs edilir. Həmçinin Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılmasından bəhs olunur. Göründüyü kimi, Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı, ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər. Əslində, bu qətnamənin heç bir əhəmiyyəti və mənası yoxdur. Heç Aİ özü və üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmirlər. Məlumdur ki, Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və Azərbaycana qarşı çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır. Karapetyan transmilli cinayətkardır və bir çox bölgələrdə silah və narkotik ticarəti ilə məşğuldur. Karapetyanın biznesi bunun üzərində qurulub və Avropa Parlamentinin deputatlarına verilən rüşvətin mənbəyi də odur. Ona görə də Azərbaycan bu cür cinayətkar qrupların felinə düşən Aİ-dən ədalətli mövqe gözləmir. Bu oyunların arxasında Makron kimiləri, Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, sələbçi və neokolonial təfəkkürlü agentlər dayanır. Ancaq Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Bu cür hücumlar müasir səlibçilikdir və Qərbin mütləq monopoliya dövrü başa çatmaqdadır. Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən Avropa Şurası Parlament Assambleyasına və ümumən Avropadakı qərəzli dairələrin, təşkilatların düşmən mövqeyinə sərt reaksiya verdi və xəbərdarlıq etdi. Dövlət başçısı vurğuladı ki, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir. Prezident qeyd etdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Ölkə rəhbəri Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Prezident bildirib ki, biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir: "Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq". Nəzərə çatdıraq ki, AŞPA-nın qış sessiyası zamanı qurum Azərbaycana qarşı qərəzli mövqe tutaraq, ölkəmizi səsvermə hüququndan məhrum edən qətnamə qəbul edib. Buna etiraz olaraq nümayəndə heyətimiz AŞPA-da fəaliyyətini dondurduğunu bəyan edib və sessiyanı tərk edib. Türkiyə, Gürcüstan, Macarıstan və bir neçə beynəlxalq təşkilatdan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası da Azərbaycanla bağlı AŞPA-ya müraciət edib. Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququnun bərpa ediləcəyinə ümidlərini ifadə ediblər.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, dövlətimizin mövqeyi müstəqildir və qətidir. Ona görə də Azərbaycana qarşı qərəz nümayiş etdirənlərə qarşı heç nədən çəkinmədən adekvat cavablar veririk. Deputat vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyası ölkəmizə qarşı ədalətsizlik nümayiş etdirərək bir il müddətinə nümayəndə heyətimizin etimadnaməsini qəbul etmədi:
"Cavabımız adekvat olmalıdır. AŞPA bizə qarşı nümayiş etdirdiyi qərəzli qərarını geri çəkməsə, Avropa Şurasından çıxmaq məsələsini gündəmə qoyacağıq. Əgər AŞPA Fransanın və ermənilərin diktəsi ilə Azərbaycana qarşı düşmənçilik nümayiş etdirirsə, deməli, oyuncaq bir təşkilatdır. O halda Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakımız bizə nə qədər lazımdır? Cənab Prezident qətiyyətli şəkildə Martin Çunqonun qarşısına bu məsələni qoydu. Avropa Şurası demokratik təsisatdırsa, məsələlərə ikili standartlardan yanaşmamalıdır. Qərəz və islamafobiyanı kənara qoyub haqq və ədaləti dəstəkləməlidir. Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımlar törədib. Azərbaycan isə ermənilərə heç vaxt təzyiq göstərməyib. Bu gün yeni reallıqlar yaranıb. Yaranmış yeni reallığı Avropa Şurası və onun təsisatları qəbul etməlidirlər. Əks halda bizə nə Avropa Şurası, nə də ki, onun təsisatları lazımdır. Dünya ancaq Avropa Şurasından ibarət deyil. Ümid edirik, AŞPA cənab Prezident İlham Əliyevin qəti mövqeyindən və xəbərdarlığından nəticə çıxaracaq və çox yersiz şəkildə Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarı geri oxuyacaq".