Ermənistan Avropa İttifaqına üzvlük marafonunda Gürcüstandan geri qalmaq istəmir
Nikol Paşinyan elə ona görə bir müddət əvvəl Tbilisiyə gedərək Gürcüstanla strateji tərəfdaşlıq sazişi imzaladı
Ermənistan hakimiyyəti heç vaxt NATO-da olmaq imkanını müzakirə etməyib, lakin Avropa İttifaqı (Aİ) ilə münasibətləri gücləndirir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, Ermənistan Aİ üzvlüyünə namizəd olmaq imkanları barədə düşünməlidir: "Ermənistan ona maksimum təhlükəsizliyi təmin edəcək istiqamətdə hərəkət edəcək. Bu gün demokratiya, demokratik ölkə olmaq ən böyük təhlükəsizlik sistemidir. İnanırıq ki, təhlükəsizliyimiz demokratik ölkədir, demokratik sistemlə sıx əməkdaşlıq edir". Simonyan ötən gün bildirmişdi ki, Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduqlarını müzakirə edirlər: "KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb qoyulur”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Baş nazir Nikol Paşinyanın danışan dilidir:
"Simonyan dünən Rusiya sərhədçilərinin Ermənistan ərazisini tərk etməsi vacibliyini bildirmişdisə, bu gün ölkəsinin Avropa İttifaqına üzv olmaq istəyini səsləndirib. İrəvandan hər gün Kremli qıcıqlandıran açıqlama gəlir. Kreml Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını de-yure tərk etməsindən özünə gəlməmiş, indi də müttəfiqinin Avropa İttifaqına üzvlük istəyinə qarşı həmlələrə hazırlaşmalıdır. Çünki Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi Birliyinə üzvlük ziddiyət təşkil edir. Ermənistan bunlardan birinə üstünlük verməlidir, əgər Avropa İttifaqına üzvlüyə namizədliyə üstünlük verəcəksə, Avrasiya İqtisadi Birliyini tərk etməyə hazırlaşmalıdır. Bu isə Ermənistan iqtisadiyyatına ciddi zərbə olacaq. Çünki Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi çərşivəsində üzvlük güzəştlərindən istifadə edir, digər üzv ölkələrlə ticarətdən gəlir əldə edir. Bunların heç birini Avropa İttifaqı Ermənistana təqdim etmir. Ancaq o da aydındır ki, İrəvan üzünü Avropaya tutub, Nikol Paşinyan elə ona görə bir müddət əvvəl Tbilisiyə gedərək Gürcüstanla strateji tərəfdaşlıq sazişi imzaladı. Ermənistan Avropa İttifaqına üzvlük marafonunda Gürcüstandan geri qalmaq istəmir".