"“Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır” kimi ittihamlar ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat hazırlığındadır"
Müəyyən xarici media resurslarında “Ermənistana təhdid olan Azərbaycan” haqda təbliğat, anti-Azərbaycan isterikası genişləndirilir. Təbliğat maşını tam sürətilə hərəkətə keçib. Məqsəd ictimai rəyi planlaşdırdıqları təxribata hazırlamaqdır. Onlar öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı "müharibəyə hazırlaşmaqda" ittiham edirlər. Bu dəfə Fransa Qərbin “qanlı ssenarisi”ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Emmanuel Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Onun sözlərinə görə, hazırda Fransa bu prosesi öz üzərinə götürüb:
"Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana ötürülür. Fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçirlər. Hədəf isə gün kimi aydındır - Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi. “Azərbaycan hücuma hazırlaşır” təbliğatını aparan Qərb Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulmasını, hərbçimizin yaralanmasını, şərti sərhəddə atəşkəsin davamlı pozulmasını, Naxçıvan istiqamətində təxribatlara əl atılmasını görməzlikdən, eşitməzlikdən gəlir. Yenə lal, kar, kor olublar, çünki işlərinə yarayır".
Analitik vurğulayıb ki, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub:
"Anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadiləsi aparacaq. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan Azərbaycan hərbçilərinin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər. Təhlükəsizlik məsələsindən başqa, hərbi-texniki əməkdaşlığı da biz xüsusilə vurğulamalıyıq. Həm hücum xarakterli, həm müdafiə xarakterli silahların göndərilməsi, fransız generalın Ermənistanda peyda olması və Qərbin müxtəlif media orqanlarında “Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır” kimi məsələ ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat hazırlığındadır. Ermənistan Baş naziri N.Paşinyan revanş edərək müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətində ola bilər".