Gürcüstan Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir - Levan

Gürcüstan Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə fəal dialoqun davam etdirilməsinə sadiqdir.

Trend-in məlumatına görə, bunu Gürcüstanın baş nazirinin birinci müavini Levan Davitaşvili bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 10-cu nazirlər iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının nazirlərin 2-ci iclası zamanı deyib.

"Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri ilə yanaşı, dünyada ən uğurlu enerji təşəbbüsləri kimi seçilir. Bu layihələr ABŞ və Avropa ölkələrinin dəstəyi ilə alıcı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gözəl nümunəsidir. Gürcüstan Azərbaycan, Türkiyə, Cənub Qaz Dəhlizinin digər iştirakçıları, beynəlxalq maliyyə institutları və şirkətləri, Aİ nümayəndələri və maraqlı tərəflərlə Cənub Qaz Dəhlizi təşəbbüsünün tam inkişafını təmin etmək üçün fəal dialoqun davam etdirilməsinə sadiqdir”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci ilin dekabr ayından tam istismara verilib və İtaliyaya (ildə doqquz milyard kubmetrdən çox), Yunanıstan və Bolqarıstana hər bir ölkəyə ildə bir milyard kubmetr qaz tədarük edir. 2022-ci ildə Aİ ölkələri 15,6 milyard avro dəyərində 11,4 milyard kubmetr qaz alıb. 2023-cü ildə bu həcm 11,8 milyard kubmetr qaza çatıb.