Politoloq: Fransanın bölgədə şər siyasəti uğur qazana bilməz

Makron Fransasının başçılıq etdiyi anti-Azərbaycan kampaniyası iflasa məhkumdur 


  Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən kifayət qədər sərt açıqlamalar verməsi ilə diqqəti cəlb etdi. Dövlət başçısının sərt ritorikası, heç şübhəsiz, Mixail Harmsa və onun ölkəsinə qarşı ünvanlanmamışdı. Əksinə, Prezident alman qonaqla söhbətində Almaniyanın neytral mövqeyini yüksək qiymətləndirdi. Bildirdi ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Görünən budur ki, Almaniya hələlik Qərb düşərgəsində yeganə aktordur ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə münasibətdə tərəfsiz, orta mövqe nümayiş etdirir. Almaniyanın bu mövqeyi Azərbaycanı qane edir. Ona görə də Münhendə İlham Əliyevlə Nikol Paşinyan arasında başlayan yeni normallaşma prosesi xarici işlər nazirlərinin görüşü çərçivəsində davam etdirilir. ABŞ və Fransa isə öncədən qərəzli mövqe tutmaqla və açıq şəkildə ermənipərəstlik nümayiş etdirməklə obyektivliklərinə, vasitəçilik missiyalarına ciddi zərbə vurdular və vasitəçilik statuslarını itirdilər. Əfsuslar olsun ki, Brüssel də onların yolu ilə getdi. Ermənistan-Azərbaycan normallaşma prosesinə kifayət qədər töhfə vermiş Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel də sonuna qədər öz neytrallığını qoruyub saxlaya bilmədi. O da Fransa prezidentinin məkrli oyunlarının bir parçasına çevrildi. Ona görə də Azərbaycan sözügedən aktorların vasitəçiliyindən haqlı olaraq imtina edib. 
 
 Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, bu ölkələr Cənubi Qafqazda kirli geosiyasi oyunlarına son verib yeni reallığı qəbul etməlidir. Bölgənin aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Ekspertin sözlərinə görə, onların qızışdırıcı mövqe tutması və yeni hərbi eskalasiyaya yol açması kimin kim olduğunu ortaya çıxaracaq: 
"Prezidentin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşü zamanı səsləndirdiyi qınaqlar və tənqidlər Cənubi Qafqazda sülh vasitəçiliyi ilə yox, qızışdırıcılıqla, ara qarışdırmaqla məşğul olan makronlara, borrellərə və bu qəbildən olan digər təxribatçı ünsürlərə ünvanlanıb. Dövlət başçısı ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmağımızı “ikili standart”lar adlandırdı. Qeyd etdi ki, biz Makron, Borrell və onlar kimi digər insanlar tərəfindən əsassız olaraq günahlandırılırıq. Bu gün “ikili standart”ların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini vurğulayan Azərbaycan Prezidenti, həmçinin Cozef Borrelin qeyri-adekvat bəyanatlarının bizi məyus etdiyini diqqətə çatdırdı. O, bu bəyanatların heç bir reallığı əks etdirmədiyini və beynəlxalq hüququn normalarına zidd olduğunu, eyni zamanda Azərbaycan tərəfinin bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirdiyini vurğuladı. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin “Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək” səpkisində açıqlama verməsini ölkəmizə qarşı təhdid kimi qiymətləndirdi. Prezidentin “Hardan bilirsən Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, deyə Borrelə yönəlik səsləndirdiyi fikirlər Aİ-nin baş diplomatının saxtakarlığını ifşa edir". 
  
Analitik bəyan edib ki, “Azərbaycanın Ermənistana hücum edəcəyi” barədə absurd iddialar Fransa prezidentinin uydurmalarıdır: 
"Maraqlıdır, Azərbaycan məhz beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin edib. Bu gün Ukrayna da eyni hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə aparır. Lakin nə qədər təəccüblü görünsə də, bizə və Ukraynaya qarşı münasibət fərqlidir. Prezident İlham Əliyev Ukrayna ilə müqayisə fonunda bizə qarşı hücumların gerçək səbəblərini açıb göstərdi. Bildirdi ki, əgər Qərb bu gün Ukraynanın ərazi bütövlüyünü təmin etməli olduğunu deyirsə, deməli, eyni məntiqlə Azərbaycanın da öz ərazi bütövlüyünü təmin etmək təşəbbüslərini dəstəkləməli idi. Lakin əfsuslar olsun ki, biz özümüzə münasibətdə Qərbin belə bir obyektiv, prinsipial mövqeyini görmədik. Prezident tamamilə haqlıdır. İndi Ermənistana havadarlıq edənlərin məqsədi Azərbaycanı demonizə etmək, ölkəmizi ədalətsiz hücumların hədəfinə çevirməkdir. Avropa Parlamentinin (AP) Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışını özündə əks etdirən iki qətnamə qəbul etməsi də eyni məqsədə xidmət edir. Bütün bunların arxasında isə Azərbaycanı təcrid vəziyyətinə salıb zəiflətmək və beləliklə, Cənubi Qafqazda hökmran mövqeyə sahiblənmək planları dayanır. Lakin Makron Fransasının başçılıq etdiyi anti-Azərbaycan kampaniyası iflasa məhkumdur. Fransanın bölgəmizdə yeritdiyi şər siyasəti uğur qazana bilməz".