Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır
Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. Onun sözlərinə görə, postmünaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. E.Əmirbəyovun fikrincə, bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər: "Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək. Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisi ilə Avropa ilə birləşdirə bilər". Prezidentin köməkçisi əlavə edib ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan bu layihənin Ermənistan üçün tam faydasını dərk etməlidir: "Əks halda, arzu edilən “yolayrıcının” regional dalana dirənməsi riski var".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan rəsmiləri Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırırlar. Ekspertin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil:
"Sadəcə olaraq Paşinyan düşünür ki, nəqliyyat yolunu Ermənistan üçün daha münasib şərtlər daxilində fəaliyyətinə imkan yarada bilər. Rəsmi Bakı İrəvanın nəqliyyat dəhlizinə nəzarət istəyinə razı deyil. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Əslində, Nikol Paşinyan Rusiyanın təsirindən qurtulmaq istəyirsə, Azərbaycan bu məsələdə ona yardımçı ola bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq qorxusundan qurtara bilər".