Azərbaycan tarixi sınaqdan üzüağ çıxdı - ŞƏRH

Dövlətimiz neft və qaz resurslarımızdan ölkəmizin tərəqqisi üçün düzgün istifadə etməyi bacardı

  Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı vurğulayıb ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Prezident bəyan edib ki, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var: "Bu, həqiqətən də, enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir". Prezident əlavə edib ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır: "Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik. Neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik". Dövlət başçısı qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır: "Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq". Ölkə rəhbəri diqqətə çatdırıb ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq: "Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək".
  Prezidentin mesajlarını "Sherg.az"a dəyərləndirən politoloq Əlisahib Hüseynov deyib ki, digər neft-qaz ölkələrindən fərqli olaraq Azərbaycan tarixi sınaqdan üzüağ çıxmağı, neft və qaz resurslarımızdan ölkəmizin tərəqqisi üçün düzgün istifadə etməyi bacardı. Ekspertin sözlərinə görə, bu mənada Azərbaycanı yalnız Norveçlə müqayisə etmək düzgün olardı: 

"Çünki Norveç hökuməti də ölkənin karbohidrogen ehtiyatlarını gələcək inkişafın təməl sərmayəsi kimi düzgün yönləndirə bilib. Odur ki, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində bu işdə yanaşmaların bir qədər dəyişilməli olduğunu vurğulaması praqmatik tövsiyədir. Bu, tamamilə yeni narrativdir, neft ölkələrinin dünəninə, bugününə və gələcəyinə fərqli baxışdır. O da tamamilə doğru tövsiyədir ki, qazıntı yanacağının təhlükəli və mənfi resurs olduğunu süni surətdə tirajlamaq və neft-qaz ölkələrini qaralamaq, günahlandırmaq əvəzinə, bu resursların tədarükündən əldə edilən gəlirlərin yerli hökumətlər tərəfindən ölkənin inkişafı və vətəndaşların ehtiyaclarının təmin edilməsi üçün necə istifadə edilməsinin nəticələri əsasında fikir yürüdülməlidir. Real nəticələri gözardı edib, bu və ya digər neft ölkəsini hədəfə almaq və yerli-yersiz tənqid etmək ədalətsizlikdir. Ona görə də dövlət başçımız həm mərasimdəki çıxışında, həm də “Euronews”a müsahibəsində diqqəti məhz bu məqama yönəltdi, neft-qaz ölkələrinə qarşı ədalətsiz münasibətə son qoymağa çağırdı və bu mesajının lazımi ünvanlarda məlum dairələr tərəfindən eşidiləcəyinə ümidvar olduğunu bildirdi. Beləliklə, Azərbaycan Prezidenti istər neft və qaz resurslarının mövcudluğuna, istərsə də yaşıl enerjiyə keçidə tamamilə yeni yanaşma təklif edir. Bu gün Azərbaycan yaşıl enerjiyə keçidi dəstəkləyən ölkələrin sırasında ən başda gələnlərdən biridir".
  Ə.Hüseynov vurğulayıb ki, Azərbaycan və ənənəvi qazıntı yanacağı ilə zəngin olan digər ölkələr yaşıl enerjiyə keçiddə, həqiqətən də, ön sıralarda olmalıdır: "Cənab Prezidentin də vurğuladığı kimi, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, prosesə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi anlayış yaratmaq istəyirik. Azərbaycan bu prosesdə, heç şübhəsiz ki, aparıcı rol oynayacaq. Ümid edirik, Prezidentin səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənəcək".