Ermənistan Fransa və Hindistandan sonra Yunanıstanla da hərbi sahədə əməkdaşlığı genişləndirmək qərarına gəlib. İrəvanda səfərdə olan Yunanıstanın müdafiə naziri Nikos Dendiasın erməni həmkarı Suren Papikyanla görüşündə Afinada əldə olunmuş razılaşmalar çərçivəsində görülən işlər müzakirə olunub və bir sıra yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Dendias Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyündən də danışıb. Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb: “Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”. Görüş zamanı tərəflər həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıb. Qeyd edək ki, Ermənistan və Yunanıstan hökumətləri arasında Hərbi-Texniki Əməkdaşlığa dair Saziş ratifikasiya edildikdən sonra hərbi-texniki əməkdaşlığa yeni təkan verilməsi barədə razılıq əldə olunub.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias da İrəvana gəlib və bu səfərlər erməni baş nazirin hər iki ölkəyə gedişindən sonra baş verib. Analitikin fikrincə, Ermənistan silahlanlanmanı şaxələndirir:
"Yunanıstan Ermənistanın silahlandırılmasında iki rola malikdir. Birincisi, ötən il hərbi-texniki əməkdaşlıq sazişi imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir. Yunanıstan həm də arsenalında olan Qərb silahlarının Ermənistana ötürülməsi işini həyata keçirir. Məsələn, ötən il Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə raketlərin bu ölkə tərəfindən ermənilərə verildiyi haqda məlumatlar var idi. İkincisi, Yunanıstan Fransanın Ermənistana silah daşınmasında əsas marşrutlardan biri rolunu oynaya bilər. Parisin İrəvanı silahlandırmasında ən unikal marşrut Qara dəniz yoludur. İstisna deyil ki, Paşinyanın Fransadan sonra Yunanıstana səfərinin gündəliyindəki əsas məsələlərdən biri də bu olub. Lakin silah marşrutunun tamamlanması və Ermənistana çıxışın əldə edilməsi üçün Gürcüstanın da razılaşması vacibdir. Rəsmi İrəvan bu istiqamətdə işləyir, Lekornunun İrəvana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzeyə zəngi də bunu deməyə əsas verir".
Ekspert hadisələrin xronologiyasına diqqət yönəldib: "Paşinyan 21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi. Bir gün sonra erməni baş nazir gürcü həmkarı ilə telefon müzakirəsi apardı. 27 fevralda Nikol Afinaya uçdu və 28 fevralda Ermənistanın Gürcüstandakı səfiri bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşdü. Bu trafik Ermənistanın silahlanmasında Paris-Afina-Tbilisi-İrəvan marşrutunun prioritet yola çevriləcəyini deməyə əsas verir. Aydındır ki, daşınacaq silahlar “Bastion” kimi təhlükə yaratmaq riski aşağı olan yox, daha ağır və təhlükəli texnika olacaq. Rəsmi Tbilisinin Bakı və Ankara ilə münasibətlər fonunda İrəvana silah daşınmasında “nəfəslik rolu”nu üzərinə götürüb-götürməyəcəyi, yaxud bunu nə qədər edəcəyi Ermənistanın silahlanmasında həlledici amil olacaq. Bakı “Bastion”ların daşınmasında sərgilədiyi loyal mövqeyi ağır hərbi texnikaların daşınmasında göstərməyə bilər".