“Ən yaxşı halda Ermənistan Sovet İttifaqına girdiyi sərhədlər çərçivəsində KTMT, MDB və Avrasiya İttifaqını tərk etməyə məcbur ediləcək”
Rusiya-Ermənistan münasibətlərində gərginliyin artması müşahidə olunur. Hətta ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov "Ermənistanla münasibətlərə yenidən baxıla bilər" açıqlamasını vermiş, Moskva-İrəvan arasında qarşılıqlı ittihamlar səsləndirilmişdi. Lakin ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında telefon danışığı olub. Martın 5-də baş tutan telefon danışığı zamanı ümumi inteqrasiya birlikləri çərçivəsində iki ölkə arasında qarşılıqlı fəaliyyət müzakirə olunub. Nazirlər ikitərəfli və regional gündəliyin cari məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər. Bəzi ekspertlər nazirlərin telefon danışığının mövcud gərginliklə bağlı olduğunu və müəyyən qədər səngiyəcəyini düşünürlər.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin gərginliyi əslində iki ölkə arasında yaranmış problemlərdən qaynaqlanmır. Analitikin fikrincə, Rusiyanın keçmiş Sovet respublikalarına hələ də öz ərazisi kimi baxmaqda davam etməsi bu gərginliklərin yaranma səbəbidir:
"Rusiya ilə münasibətlərdə postsovet respublikaları bacardıqca manevredici davranaraq Gürcüstan və Ukraynanın vəziyyətinə düşməməyə çalışırlar. Hələ ki bu istiqamətdə ən uğurlu siyasəti Azərbaycan həyata keçirir. Bu nailiyyətin də hərbi-siyasi və iqtisadi əsasları var. Sovet rejimi dövründə Ermənistan maksimum imkanlarından yararlanaraq özünə komfort şərait yarada bilmişdi. İndi İrəvan iqtisadi və siyasi dəyişikliklər fonunda artıq “erməni variantı” keçərli olmadığı, alternativ layihənin də olmaması səbəbindən Rusiya ilə münasibətləri tənzimləyə bilmir. Keçmişin təsirindən qurtula bilməyən erməni cəmiyyətinin reallığı qəbul edə bilməməsi və yeni düşüncə ilə həyata davam etmək çətinlikləri onları perspektivsiz bir koridora salıb. Amma Rusiya Ermənistanı yoxdan yaradan bir dövlətdir və onların belə asanlıqla uçub getməsinə göz yummayacaq".
Ekspertin sözlərinə görə, ən yaxşı halda Ermənistan Sovet İttifaqına girdiyi sərhədlər çərçivəsində KTMT, MDB və Avrasiya İttifaqını tərk etməyə məcbur ediləcək: "Lavrovun Mirzoyanla kontaktı bölgədə kommunikasiyaların açılmasının sürətlənməsi ilə də əlaqəli ola bilər. Baş nazir Nikol Paşinyan Zəngəzur koridorunun açılmasına razılıq versə də, Fransa, İran, Hindistan prosesin baş tutmaması üçün Ermənistana təzyiqlər edir. Ermənistana müasir silahlar bağışlayan bu ölkələr İrəvanın başını bəlaya soxduqlarının fərqində deyillər, yaxud mahiyyəti anlasalar da, veclərinə deyil. Rusiya isə bölgədə Zəngəzur koridorunun açılmasında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib".