Bu təhrikin ön cərgəsində "dördlüyün" aparıcı qüvvələri olan Fransa və İran durur
“İrandakı indiki rejimin varlığında Fransanın oynadığı rol onu göstərir ki, aralarındakı fikir ayrılığı aysberqin görünən tərəfidir”
"Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin bir çox məsələlərdə maraqları üst-üstə düşməsə də, bizim regiondakı proseslərə yanaşmada ölkəsinin İranla eyni mövqedə olmalarını bildirməsində bizim üçün sirr sayılacaq heç nə yoxdur".
Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Deputat bildirib ki, Fransa məhz İranda işləmiş diplomatını Ermənistana səfir göndərdi:
"Deyə bilmərəm, Dekotini də İranın Ermənistandakı səfiri Mehdi Sübhani kimi ölkəsinin güc sturkturunun təmsilçisidir ya yox, amma nə birincinin, nə də ikincinin indiki vaxtda Ermənistanda peyda olmaları təsadüfidür. Fikrimcə, Dekotini ilə SEPAH zabiti Sübhani həm də ona görə eyni vaxtda Ermənistana göndəriliblər ki, Fransayla İranın orada sinxron çalışmalarını təmin etsinlər. Xatırladım ki, Sübhani və Dekotini bundan öncə də dövlətləri üçün biri Suriyada səfir, digəri isə İraq Kürdüstanında baş konsul olaraq təqribən bənzər missiya yerinə yetiriblər. Yəni getdikləri yerdə qarşıdurmanın gücləndirilməsinə çalışıblar. Fransanın müdafiə nazirinin İrəvana gəilişinin ardından Yunanıstan nazirinin də orada peyda olması, ikinicinin səfəri başa çatar-çatmaz Suren Papikyanın İrana üz tutması o deməkdir ki, "dördlü ittifaq" haqqında deyilənlərin sözdən əmələ keçməsi yönündə müəyyən hazırlıqlar gedir".
Parlament üzvü vurğulayıb ki, bu hazırlıqlar heç də regionda sülhə xidmət üçün deyil. Ermənistan yeni savaşa sürüklənir:
"Ermənistanı savaşa sürükləyənlərin ön cərgəsində "dördlüyün" aparıcı qüvvələri olan Fransa və İran durur. Fransanın Ermənistandakı səfirinin dediyi kimi, Parislə Tehran arasında müəyyən fikir ayrılıqlarının olması mümkündür. Amma İrandakı indiki rejimin varlığında Fransanın oynadığı rol onu göstərir ki, aralarındakı fikir ayrılığı aysberqin görünən tərəfidir. Görünməyən tərəfində sıx əməkdaşlıq var. Bir sözlə, Fransanın bizim regiondakı "bacı"larının sayı bir yox, ikidir. Və bu bacıların hər üçü eyni bezin qırağıdırlar".
Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini "Armenpress"ə müsahibəsində deyib ki, İranla bir çox məsələdə fikir ayrılıqları olsa da, Ermənistanla bağlı eyni mövqedən çıxış edirlər. Səfir Fransanın Rusiyanın Cənubi Qafqazda rolunu zəiflətmək cəhdləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa bu məsələyə təsir dairələri baxımından deyil, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququ baxımından yanaşır: “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib. İranla bir çox məsələlərdə fikir ayrılığı var, lakin bu, razılaşdığımız bir məsələdir”.