Biz artıq İranın iç üzünü görmüşük - ŞƏRH

Ermənistanın yenidən silahlandırılmasında Tehranın Hindistan və Fransa ilə birliyi Azərbaycana qarşı açıq meydan oxumaqdır

  Fransanın Ermənistanı silahlandırma karvanında Hindistanda həvəslə iştirak etməkdədir. Ermənistan Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi olan “ATAGS” alacaq. Bu barədə Hindistan mətbuatı yazıb. Qərbə sığınıb, Rusiyadan üz döndərib, İrandan kömək uman, ortada qalan Ermənistan açıq və gizli şəkildə müharibə hazırlıqları görür, Qərbin əlində alət olur. Hələ 2023-cü ildə məlumat yayılmışdı ki, İrəvanla Dehli arasında 2022-ci ilin sentyabr ayında silahla bağlı müqavilə imzalanıb. Ermənistan mətbuatı yazırdı ki, həmin sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Həmin vaxt məlumat yayılmışdı ki, Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir. Məlumdur ki, Hindistandan Ermənistana strateji hava yolu yalnız İran vasitəsilə reallaşdırıla bilər. Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan vermir. Perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması nəzərdə tutulur. İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olur ki, bunun da nəticədə İranın özü üçün hansı problemlər yaradacağı aydındır. Ermənistanda Aİ missiyasının fəaliyyət göstərdiyi, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən kənarlaşdığı, bu ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsinin getdikcə daraldığı və qarşıdan gələn dövrdə son qoyulmasının planlaşdırıldığı, həmçinin strateji məqsədin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu nəzərə alınaraq, Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesinin yürüdüldüyü aydınlaşır.
  Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, İranın Ermənistana olan məlum yaxınlığının müsəlman ölkəsinə yaraşmayan hal olduğu artıq Azərbaycanda təəccüb doğurmur. Biz artıq İranın iç üzünü görmüşük və istəyini başa düşmüşük: 

"İrandan Azərbaycanın heç bir gözləntisi yoxdur. Sadəcə qonşu dövlət kimi İranın varlığını qəbul edirik və Ermənistana necə münasibət bəsləyiriksə, molla rejiminin idarə etdiyi İrana da elə münasibət bəsləyirik. Ermənistan açıq düşmənimizdirsə, hansı ki sülh müqaviləsi bağlanmayana kimi bu belədir, İran da özünü Azərbaycana düşmən olmasa da, dost olmayan ölkələri sırasına daxil etməyi bacarıb. Bunda isə Azərbaycanın heç bir rolu yoxdur. İran rejimi bunu belə həddə gətirib və əlaqələri daha da pisləşdirmək yolunda addımlarına davam edir. Ermənistanın yenidən silahlandırılmasında Tehranın Hindistan və Fransa ilə birliyi Azərbaycana qarşı açıq meydan oxumaqdır. Tehran rejimi özünün mahiyyətini artıq bəlli edib. Bu rejim nə dinə-etiqada xidmət edirsə, bircə islama xidmət etmir. İran rejimi özünü müsəlmanlara divan tutan Hindistan rejimindən fərqli aparmayaraq islam düşmənlərindən fərqlənmir, hətta hərəkətləri ilə onlardan geri qalmır. Fransa və Hindistanın Ermənistanı silahlandırmasına canla-başla imkan yaradan Tehran rejimi bunda maraqlı olduğunu göstərir. Təbii ki, Azərbaycanın İranın bu hərəkətinin önünü bilavasitə kəsmək imkanı yoxdur. İran bunu ilk dəfə etmir. 44 günlük müharibədə də eyni işi görmüşdü. Amma Azərbaycan bu hərəkəti hələ ki izləyir. Ermənistanın silahlanmasını nəzarətdə saxlayır. Ehtiyac duyulan halda həmin silahların yerindəcə məhv edilməsi an məsələsi olacaq. İran təbii ki, bu hərəkətinin cavabını gec-tez alacaq. Bunun yolları var və zamana ehtiyac var. Günün birində Cənubi Azərbaycan Respublikası yaradılanda molla rejiminə etdikləri pisliklər yadlarına salınacaq".