Ermənistanın silahlandırılmasının arxasında duran əsas faktor Fransadır

İndi də Yunanıstan ön plandadır

Məsələ ondadır ki, Paris Ermənistanı silahlandırma prosesinə Yunanıstanı cəlb edərək diqqəti öz üzərindən yayındırmağa çalışır

  Fransadan sonra Ermənistanın himayəçisi missiyasını üzərinə götürən
Yunanıstan sürətlə yoluna davam etməkdədir. Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsində deyib ki, Afina Qarabağ münaqişəsindən çıxarılan dərsləri nəzərə alaraq, İrəvanla əməkdaşlıq edəcək. Dendiasın sözlərinə görə, dronlar və əks-dron sistemlərindəki texnoloji inkişafın qlobal miqyasda müharibə aparma tərzimizi dəyişdiyini inkar etmək olmaz: "Bu yaxınlarda Ermənistana səfərim zamanı onların müasir döyüş meydanında istifadəsi haqqında ətraflı öyrəndim. Nəzərinizə çatdırım ki, bu ölkə, silahlı qüvvələr kütləvi şəkildə pilotsuz təyyarələrdən, o cümlədən “Bayraqdar”dan istifadə edən bir ordunun hücumuna məruz qalmış ölkədir. Eyni səbəbdən biz Ermənistanla ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişləri çərçivəsində və Qarabağdakı münaqişədən əldə edilmiş dərsləri nəzərə alaraq əməkdaşlıq edəcəyik”. Nazir vurğulayıb ki, Yunanıstan bu texnologiyaların əhəmiyyətini dərk edir və yeni ekosistem çərçivəsində bu sahədə öz imkanlarını gücləndirmək üçün fəal işləyir: “Biz qonşu ölkələrlə bu xüsusi boşluğu aradan qaldırmaq, həmçinin Yunanıstan ərazisini əhatə edən pilotsuz uçuş aparatları əleyhinə günbəz yaratmaq üçün sürətlə çalışacağıq”. Göründüyü kimi, Yunanıstan da Ermənistanın silahlanmasında və regionda gərginliyin artmasında maraqlı ölkələrdən biridir və Fransadan heç də geri qalmır. Bir neçə gün öncə Dendias fransalı həmkarı Lekornunun ardınca İrəvana səfər etmişdi.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana səfəri regionda baş verən son proseslər və sülh danışıqları fonunda diqqət çəkir. Aydın məsələdir ki, Ermənistan sürətli silahlanma prosesində birdən çox ölkə ilə əməkdaşlıq edir: 

"Prosesin sistematik və vahid mərkəzdən idarə edildiyi də istisna deyil. Yunanıstan müdafiə naziri N.Dendias Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra İrəvana gəlib. Bundan başqa, səfərin Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa və Yunanıstana gedişindən sonra baş tutması diqqət çəkir. Yunanıstanın Ermənistanı silahlandırmasının arxasında duran əsas faktor Fransadır. Məsələ ondadır ki, Paris Ermənistanı silahlandırma prosesinə Yunanıstanı cəlb edərək diqqəti öz üzərindən yayındırmağa çalışır. Məsələn, Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib. Bunlardan ən diqqətçəkəni isə heç şübhəsiz, Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacağını bildirməsidir.
Bu detal, əslində, Fransanın Cənubi Qafqazla bağlı planı haqda müəyyən fikir irəli sürməyə əsas verir. Paris bu günə qədər Ermənistanı birbaşa özü silahlandırırdısa, artıq bunu Yunanıstan və Yunan Kipri üzərindən etmək istəyir. Bu addım həm də Bakı ilə mövcud iqtisadi maraqların qorunmasına hesablanıb. Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir. Paris bundan məhrum olmaq istəmir. Lakin regionda gərginlik yaradıb Bakının zəifləməsində də maraqlıdır. Buna görə də özü ikinci plana keçərək prosesi Yunanıstan, Yunan Kipri və Ermənistan hərbi ittifaqı kontekstində pərdələməyə çalışır".
  Ekspertin sözlərinə görə, Fransa paralel olaraq Ermənistanın silahlanmasına xarici aktorları cəlb edərək Azərbaycanı mühasirəyə almağa çalışır: "Məsələn, İranla Hindistanın da Ermənistanı silahlandırması və Parisin həmin ölkələrlə təmasda olması bunu deməyə əsas verir. Bu həm də məsələnin psixoloji tərəfidir və Paris Bakının prinsipial mövqeyini psixoloji olaraq qırmaq istəyir. Fransa Ermənsitanın silahlandırılması prosesi kontekstində həm də Azərbaycanın iqtisadi gücünü bölməyi düşünür. Hindistan Azərbaycan neftinin, Yunanıstan isə Azərbaycan qazının əsas alıcılarındandır. Bundan başqa isə Ermənistana göndərilən silahlar əsasən Gürcüstan üzərindən ötürülür. Gürcüstan isə Azərbaycanın Avropaya nəql etdiyi nef və qazın ötürüldüyü əsas ölkədir. Parisin əsas həmləsi Ermənistanın silahlanmasına Yunanıstan, Hindistan, Gürcüstanı cəlb edib, bunu bacardığı şəkildə qabardaraq Bakının sözügedən ölkələrlə münasibətlərini pisləşdirmək, növbəti mərhələdə isə iqtisadi sazişləri pozmaqdır. Aydındır ki, bütün prosesləri rəsmi Bakı görür və hərtərəfli qiymətləndirir. Azərbaycan xarici siyasətini milli və iqtisadi maraqlar üzərindən formalaşdırıb. Yəni Bakı iqtisadi maraqlarını təhlükəyə atacaq radikal addımlar atmır. Bununla belə, Ermənistanın silahlandırılması ciddi təhdid elementi deyil. Azərbaycan İsrail, Türkiyə, Pakistan, Çin kimi ölkələrlə hərbi sahədə əməkdaşlıq edir. Bu əməkdaşlıq xaricdən ehtimal hücumların qarşısını alacaq həcmdədir. Nəticə etibarilə Ermənistan hər nə qədər silahlansa da, bu silahları istifadə edəcək canlı qüvvəsi yoxdur".