Əcnəbi qonaqların ölkəmizin illər ərzində qazandığı təcrübə və ənənə ilə tanış olması mühümdür
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Martın 8-9 tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə (15 mart) həsr olundu.
Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər. Bakıda ikinci dəfə təşkil olunan tədbir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Qeyd edək ki, uzun illərdir Azərbaycan islamofobiyanın fəsadları ilə üzləşib, hazırda Qərb mediası və siyasətçiləri tərəfindən ölkəmizə qarşı aşkar qərəzli kampaniya həyata keçirilir və konfransın bir hədəfi də bu mənfi tendensiyalara təkan verən siyasi, iqtisadi, mədəni, diskriminativ faktorların müəyyən edilməsi və onlara qarşı ortaq strategiyanın formalaşdırılmasıdır. Azərbaycan artıq beynəlxalq münasibətlərdə orta güc kimi çıxış edir. Bu il ölkəmiz COP29 və digər qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır. Deputatın sözlərinə görə, bu gün Azərbaycanda bütün dinlərə, bütün etnik qruplara dövlət səviyyəsində ən yüksək diqqət və qayğı göstərilir:
"Bir müsəlman ölkəsi olaraq Azərbaycan islamofobiya ilə üz-üzədir. Yəni bizə qarşı atılan addımların bir çoxunun səbəbi həm də bizim müsəlman olmağımızdır. O baxımdan belə tədbirlərin ölkəmizdə keçirilməsi çox önəmlidir. Sirr deyil ki, bəzi qüvvələr "İslam" adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan isə hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini davam etdirir. Dövlətimiz dini inanclara çox həssaslıqla yanaşır. Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır. Dövlətimiz bütün dinlərə, bütün etnik qruplara dövlət səviyyəsində ən yüksək diqqət və qayğı göstərir. Əcnəbi qonaqların Azərbaycanın uzun illər ərzində qazandığı təcrübə və ənənə ilə tanış olması mühümdür. Əlbəttə ki, bu həm də, dövlətimizin növbəti uğurudur. Azərbaycan dünyada gedən proseslərə öz töhfəsini verir. Həm də hədəflərinə və məqsədlərinə çatmış olur".