Bütün Ermənistan bilir ki, Paşinyanın nağıllarına daha heç kim inanmır
“Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da danışıqlar nəticə verməsə və məsələ uzanmağa doğru getsə, ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq”
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə uydurma açıqlamlarla gündəmə gəlib. Baş nazir iddia edib ki, Tavuşda heç bir kəndin verilməsindən söhbət belə getməyib və ola da bilməz. Paşinyanın sözlərinə görə, Azərbaycan mətbuatında açıqlanan kəndlərin adları Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olmayıb: "Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas olub. Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd Almatı Bəyannaməsi ilə və təkcə bu bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalarla təsdiqləndi. Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas oldu. Ona görə də bu müqavilələrə görə, Sovet İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bu inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistan olan Ermənistandır, Ermənistan olmayan Ermənistan deyil”. Qeyd edək ki, bu, Paşinyanın növbəti təzadlı açıqlamasıdır. Nikol Paşinyan özü Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin “Ermənistanın 29,8 min kv.km ərazisinə” daxil olmadığını bildirmiş, bu kəndlərin Azərbaycana aidliyini açıq etiraf etmişdi. Eyni zamanda onun “söykəndiyi” Almatı Bəyannaməsində də Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan ərazisi kimi göstərilir.
Politoloq Elxan Şahinoğlu isə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib. Ekspertin sözlərinə görə, bir açıqlamasında kəndlərin mövcud olmadığını deyir, digər açıqlamasında isə etirafa bənzər cümlə işlədir ki, bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır:
"Bu o deməkdir ki, həmin kommunikasiya xətləri bizim tələb etdiyimiz kəndlərə yaxın ərazilərdən keçir. Nikol Paşinyan onların yerinin dəyişdirilməsi zərurətini bildirir. Paşinyan bu dəfə “Azərbaycan da 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirmədi. Çünki bu nağıla Ermənistanın özündə də inanmırlar. Paşinyan “31 kənd” məsələsini Azərbaycan kəndlərini geri qaytarmamaq üçün ortaya atmışdı. Nikol Paşinyan Azərbaycanda 4 kəndlə bağlı qərar verildiyinin fərqindədir. Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da danışıqlar nəticə verməsə və məsələ uzanmağa doğru getsə, ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq. Başqa alternativ yoxdur. Erməni cəmiyyətini Rusiya hərbçilərinin İrəvandakı “Zvartnots” Hava Limanını boşaldacağına və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə hazırlayan Paşinyan 4 kəndin Azərbaycanın nəzarətinə keçəcəyinə də hazırlamağa başlasa, özü və ölkəsi üçün faydalı olar".