Deputat: Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına xüsusi töhfələr verirlər

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

Qardaşlığı göstərən mühüm simvol



  Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır. Bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Ölkə rəhbəri fəaliyyətinin bütün mərhələlərində bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib. Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər nəticəsində isə regionlarda iqtisadi fəallıq getdikcə artıb. Belə şərait isə özəl bölmədə yeni iş yerlərinin davamlı artımını şərtləndirib. Nəticədə iqtisadiyyatda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının payı 74 faizi ötüb. İqtisadi artım işgüzar fəallığın və sahibkarların sayının da ildən-ilə artmasına səbəb olub. Azərbaycanda sahibkarlığın inkişafı bu gün regional iqtisadi siyasətin ən mühüm elementlərindən biridir. Bu məsələdə 2004-cü ildən indiyədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Son 20 il ərzində 4 dövlət proqramı üzrə bölgələrə yatırılan investisiyaların həcminin 104 milyard manat təşkil etməsi də bunun bariz ifadəsidir. Regionların dinamik inkişafında sənaye parkları və zonalarının yaradılması ilə yeni mərhələ başlanıb. Bu gün işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa-quruculuq prosesinə infrastruktur layihələrindən başlanılıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Bu gün Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz, bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün...”. Hazırda düşməndən təmizlənən ərazilərdə infrastruktur layihələri uğurla icra edilir. Dəmir və avtomobil yollarının çəkilişi, elektrik enerjisi, su təchizatı məsələləri, meliorativ tədbirlərlə bağlı layihələr reallaşdırılır. Qısa müddətdə salınan “ağıllı yaşayış sahələri”ndə - Ağalı, Talış, Zabux kəndlərində, Laçın və Füzuli şəhərlərində məskunlaşdırma davam etdirilir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü isə tikilir. Müasir beynəlxalq standartlar əsasında istifadəyə verilən aeroportlar nəinki iqtisadi, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu daha da gücləndirir. 
  Martın 12-də Azərbaycanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısı İlham Əliyevlə birlikdə Qarabağ regionuna, Füzuliyə, Şuşaya səfər ediblər. Liderlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçılarına Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verib. Bildirib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb. Xüsusi vurğulanıb ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir. Diqqətə çatdırılıb ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verilib. Qeyd edək ki, Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb. Sonra dövlət başçıları Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
  
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, qardaş türk dövlətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına xüsusi töhfələr verirlər: 

"Nəzərə alaq ki, bir müddət öncə Füzuli şəhərində Özbəkistanın dəstəyi ilə orta məktəb inşa edildi və artıq istifadəyə verilib. Eyni zamanda Qazaxıstanın dəstəyi ilə artıq yeni uşaq yaradıcılıq məktəbinin açılışının həyata keçirilməsi də ondan xəbər verir ki, türk dövlətləri həm Türkiyə, Orta Asiyada yerləşən qardaş dövlətlər Azərbaycanda Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda xüsusi maraqlıdırlar. Bu, çox vacibdir. Həm də ondan xəbər verir ki, tərəfdaş ölkələr arasında münasibətlər yalnız siyasi-iqtisadi deyil, həm də humanitar sahədə inkişaf edir. Bu, qarşılıqlı dəstəkdir. Əslində, qardaşlığı göstərən mühüm simvoldur. Ölkələrarası münasibətlər dərindir və durmadan inkişaf edir. Eyni zamanda humanitar sahələrdə Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşmasında türk dövlətlərinin daha yaxından iştirakını müşahidə edəcəyik. Bu da türk dövlətləri arasında əlaqələrin daha çox dərinləşməsinə xidmət edəcək".