O, erməni toplumuna çağırış edir ki, 8 kənd məsələsini müzakirə predmetinə çevirməyin, çünki həmin ərazilər ermənilərin deyil
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı 8 kəndindən anklav olmayan 4 kəndi tələb etməsinə verdiyi təzadlı cavab üzərində erməni ekspertlər də müzakirə aparır. Erməni mediası da təsdiqləyib ki, Nikol Paşinyanın “Ermənistanın heç bir kəndinin verilməsindən söhbət gedə bilməz” sözləri bu ölkənin 29,743 kv.km ərazisinə aiddir. Başqa sözlə, Nikol Paşinyan “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə, Azərbaycanın tələb etdiyi anklav olmayan 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Almatı Bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb. Müxalif “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan da erməni mediasına açıqlamasında bildirib ki, Paşinyanın sözlərindən çıxan nəticə odur ki, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik: “Paşinyan “biz Tavuş əyalətindən Azərbaycana heç bir kəndi vermirik” deyəndə, o, 4 kəndi Tavuş əyalətinin bir hissəsi hesab etmədiyini bildirdi. Deyir ki, bunlar Ermənistanın deyil, Azərbaycanındır və sərhədin demarkasiyası zamanı onları geri verməli olacağıq”. Qeyd edilib ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti onların yanından keçir. Paşinyan deyib ki, əgər Ermənistan kommunikasiyaları əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman onlar Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır: "Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik. Mütəxəssislərimizin rəylərindən sonra əmin oldum ki, çaşqınlıq, düşüncə və perspektiv problemi var...”. Yəni bu kontekstdə Paşinyan da qeyd edib ki, Əskiparanın hissəsi problemlidir. O, xəritədə izah etdi ki, həmin yolun bir hissəsi Azərbaycandır və əslində, ondan yan keçmək üçün yeni yollar çəkilməlidir.
Paşinyanın 8 kəndlə bağlı bəyanatını "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri deyib ki, Azərbaycanın hər hansı bölgəsinin, kəndinin işğalda qalması gələcəkdə elə baş nazirin özü üçün ciddi problemlər yarada bilər. Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın işğalda saxlanılmış kəndləri Ermənistanın Tavuş rayonunun "ərazisi" kimi qeyd olunarsa və sonrada tərəfimizdən azad edilərsə, bu, Paşinyan hökuməti üçün növbəti məğlubiyət deməkdir:
"Paşinyan məhz ona görə xüsusi vurğuladı ki, adıçəkilən kəndlər Tavuş rayonunun ərazisinə daxil deyil. Bu da dolayısı ilə erməni ictimaiyyətinə verilən mesajdır ki, ermənilərin o adlarda kəndləri yoxdur. Hansısa mərhələdə sözügedən kəndlərin öz sahibinə qaytarılması Ermənistanda ciddi ajiotaj yaratmamalıdır. Söhbət işğalda olan torpaqlardan gedirsə, həmin ərazilərin geri tələb edilməsi və alınması təbii qarşılanmalıdır. Verilən mesaj budur. Paşinyan gözəl bilir ki, Azərbaycan bir qarış torpağını da işğalda saxlamayacaq. Belə şəraitdə erməni baş nazirin Azərbaycan kəndlərinin işğal və ilhaq olunduğunu etiraf etməkdən başqa çıxış yolu qalmır. Əksinə, hərəkət edəcəyi təqdirdə Azərbaycanın hansı addım atacağının fərqindədir. Paşinyanın illər öncə Şuşada yallı getməsi 44 günlük müharibə ilə nəticələndi. İndi nə dediyini yaxşı bilir və mesajları Azərbaycan ictimaiyyətinə yox, erməni cəmiyyətinə yönəlikdir. Paşinyan erməni toplumuna çağırış edir ki, 8 kənd məsələsini müzakirə predmetinə çevirməyin, çünki həmin ərazilər ermənilərin deyil. Həm də qabaqlayıcı tədbir kimi müxalifətin hücumlarının qarşısını alır. Ən əsası da çalışır ki, kəndlərin geri qaytarılması prosesində məsələ "Ermənistanın ərazisi itkisi" kimi dəyərləndirilməsin".
N.Mirinin qənaətincə, adları açıqlanan 4 kənd eksklav deyil, birbaşa Azərbaycan sərhədlərinə bitişikdir: "Yəni həmin kəndlərin qısa zamanda azad edilməsi Ordumuz üçün çox asandır. Rəsmi Bakı bu məsələləri anlaşaraq həll etməyə çalışır, növbəti dəfə haqsız, əsassız ittihamlarla qarşılaşmaq istəmir. Bu il Azərbaycanda çox önəmli nüfuzlu beynəlxalq tədbirlər keçiriləcək. Ancaq baş nazirin müavini, Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən Şahin Mustafayevin sonuncu açıqlaması da göstərdi ki, geriyə dönüş artıq qapanıb. "Güzəşt olmayacaq" mesajı sadəcə Ermənistan hökumətinə deyil, həmçinin onlara arxa-dayaq olan güclərə də verilmişdi. Eyni zamanda beynəlxalq ictimaiyyətə yönəlik açıqlama idi. Görünən odur ki, mesaj İrəvan hökuməti tərəfindən artıq alınıb".