Ermənistanın siyasi-ictimai sferasında yeni himayədar, daha etibarlı təminatçı, xüsusən Rusiyanı kiminlə əvəzləmək məsələsi müzakirə predmetidir. Ekspert dairələrində ciddi narahatlıq, təşviş də müşahidə olunur. Əhəmiyyətli qisim Rusiya havadarlığının birmənalı Qərblə əvəzlənməsinin doğru olduğunu düşünür. Lakin fərqli yanaşmalar ortaya qoyanlar da var. Erməni politoloq Sergey Melkonyan deyib ki, regionda 3 güc mərkəzi var. Bunlar Rusiya, İran və Türkiyədir. Onun sözlərinə görə, qüvvələrdən birinin rolu zəifləyərsə, boşluğu başqa güc mərkəzləri dolduracaq. O bildirib ki, Qərb faktiki olaraq Türkiyə ilə işləməyə üstünlük verir, çünki rəsmi Ankara Rusiya və İranı balanslaşdırmağı bacarır: “Əgər biz Rusiyaya qarşı hərəkət etsək, o zaman bura Qərbi deyil, ilk növbədə Türkiyəni dəvət etmiş oluruq. Baxmayaraq ki, Ermənistan üçün əsas təhlükə məhz Türkiyədir. Amma Qərbdə Bakıya qarşı çıxmaq üçün siyasi iradə yoxdur. Çünki Azərbaycan və Türkiyənin maraqları eynidir. Digər tərəfdən, daxili problemlərə rəğmən Türkiyə Qərbin müttəfiqidir. Söhbət təkcə Aİ ilə yox, həm də ABŞ ilə müttəfiqlikdən gedir”. Melkonyan Baş nazir Nikol Paşinyanın Aİ-nin Ermənistandakı missiyasının mandatını daha 2 il uzatması haqda qərarına da toxunub: “Keçən ay İrəvanda söhbət zamanı bir İran rəsmisi maraqlı fikir səsləndirdi. O bildirdi ki, Ermənistanda kimsə bir neçə yüz adamın Azərbaycan Ordusunun qarşısına çıxacağına inanırsa, bu, çox gülüncdür”.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Türkiyənin Ermənistanın gələcək taleyini həll edəcəyi fikrini əslində tarixi aspektdən qəbul etsək, daha doğru fikrə gələrik. Ekspertin sözlərinə görə, erməni toplumunun Osmanlının himayəsi altında uzun əsrlər sakit və xoşbəxt yaşadığı gerçəyi ermənilərə hamıdan öncə bəllidir:
"Əslində, ermənilər özləri türklərə xəyanət etdilər və son yüz ildən bir qədər çox zaman bu münasibətləri korladılar. Keçən illər ərzində Türkiyəyə qarşı düşmənçilik kampaniyaları apardılar, saxta soyqırımı iddiaları ilə erməni toplumunu Türkiyədən uzaqlaşdırdılar. Amma Türkiyə hər zaman xoş mesajlar verdi. Əlaqələri bərpa etmək üçün çalışdı. On minlərlə erməni Türkiyədə yaşadı və indi də ordan öz gündəlik dolanışığını çıxarır. Erməni toplumu öz təhlükəsizliyini regiondan kənarda axtarmaqla daha da problemlərin içərisinə daxil olur.
Rusiyaya qarşı olan qəzəbin səbəbi bəllidir. Ermənistan Rusiyadan yanıldığını qeyd edir. Amma Ermənistan regiondan kənar güclərə etimad etməsinin də bir yerə qədər olduğu həqiqəti ilə üz-üzədir. Qərb coğrafiyaca Ermənistandan çox uzaqdadır. Yaxında olan dövlətlərdən isə öz taleyini etimad edəcək ölkələrdən Türkiyə və Rusiya ilə ortaq tarixləri olub. Rusiya ilə yol getmək istəmirlər. İran ilə strateji əlaqələr qurmağa Qərb imkan verməyəcək. Burada qalır yalnız Türkiyə. Hesab etmək olar ki, Paşinyanın Türkiyə ilə olan münasibətləri də belə fikirləşməyə əsas verir ki, Ermənistan üçün ən doğru yol Türkiyə ilə birlikdə olmaqdır. Türkiyə Ermənistanı Rusiyanın dağıdıcı təsirindən qoruya bilər. Türkiyə vasitəsilə Ermənistan Qərbə inteqrasiya edə bilər, eyni zamanda Rusiya ilə də normal münasibətlər saxlaya bilər".
Analitikin fikrincə, Ermənistanın Paşinyan yönətimində tutduğu strateji xətt Qərbyönlü olsa da, Qərbin bilavasitə regionda möhkəmlənməsi ancaq dolayı yolla ola bilər: "Nə ABŞ, nə də Fransa açıq şəkildə Cənubi Qafqaz regionunda möhkəmlənə bilər. Amma Qərbin müttəfiqi olan Türkiyə vasitəsilə Ermənistan Qərbə arxayın ola bilər. Qərb də bunu bilavasitə özü yox, Türkiyə vasitəsilə edəcək. Türkiyə ABŞ münasibətlərindəki yaxınlaşma da belə fikirləşməyə əsas verir. Erməni toplumunun da tezliklə bunu başa düşüb, qəbul edəcəyi vaxt yaxındır".