Ramil Usubovun Tbilisidə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır
Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana səfər edib. Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, rəsmi Bakının Tbilisinin siyasətiylə bağlı bir neçə suala cavab axtarışı ilə də bağlıdır. Ekspertin sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb:
"Bu, Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir. Buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var. Məsələn, erməni rəsmilər Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafının vacibliyi barədə açıqlamalar səsləndiriblər. Bu nə deməkdir? Axı Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçlü ittifaq çərçivəsində əlaqələrə üstünlük verir. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu hardasa, Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiyanın Ermənistanda hərbi baza varlığını davam etdirir.
Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual rəsmi Tbilisinin Fransanın növbəti hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağı ilə bağlıdır. Tbilisi bu dəfə də Fransa hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaratsa, bu, Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tbilisidə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır".