İlkin mərhələdə 4 kəndin Azərbaycana qaytarılması Bakını məmnun edəcək
“Müharibə səbəbi ortadan qalxarsa, Qərb hansı ad altında Ermənistana qoşunlarını gətirəcək?”
Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan etdi. Qazaxın anklav olmayan 4 kəndi - Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndləri Azərbaycana təhvil veriləcək. Bu iddia Ermənistanın “Hraparak” qəzetində əks olunub. Nəşr yazıb ki, Paşinyan son mətbuat konfransında Tavuş vilayətinə bitişik Azərbaycan kəndlərini sahibinə verməyə hazır olduqlarını təsdiqləyib. Çünki baş nazirin fikrincə, bu kəndlər Ermənistan ərazisində yerləşmir, 1992-94-cü illər müharibəsi zamanı Ermənistanın nəzarətinə keçib: "Təsadüfi deyil ki, Paşinyan delimitasiya prosesinin də Tavuşdan başlayacağını bəyan edib". "Hraparak" 10 noyabr bəyanatının ilkin versiyasında Qazaxın 7 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı bəndin olduğunu da xatırladıb: “İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin mətbuatda dərc olunan 10 noyabr bəyanatının ilk mətnində Ermənistan silahlı qüvvələrinin Qazaxın 7 yaşayış məntəqəsindən də geri çəkilməli olduğu açıq-aydın göstərilmişdi. Həmin bəndə görə, ərazilər 1991-1994-cü illərdə Ermənistan tərəfindən işğal olunub. Söhbət Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı və Sofulu kəndlərindən gedir. Qısa müddətdən sonra rəsmi olaraq dərc edilən bəyanatın bu maddəsi barədə heç bir söz açılmadı". Nəşr hesab edir ki, sonra Nikol Paşinyan Qazax rayonunun kəndlərinin təhvil verilməsini nəzərdə tutan başqa bir sənədi imzalayıb: "Artıq ilkin mərhələdə 4 kəndin - Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli və Qızılhacılının təhvil verilməsindən danışılır. Bundan sonra anklavlar məsələsi (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) gündəmə gələcək. İlk növbədə Ermənistan silahlı qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev də "Sherg.az"a açıqlamasında bildirib ki, Qazaxın kəndlərinin qaytarılması 10 noyabr üçtərəfli bəyannaməsində öz əksini tapıb. Partiya rəhbərinin sözlərinə görə, konkret adla göstərilməsə də, prinsip etibarı ilə söhbət işğal olunmuş ərazilərin qaytarılmasından gedir:
"Əgər kəndlər qaytarılmazsa, sırf müharibə səbəbi olaraq ortada qalacaq. Paşinyanın bu məsələdən imtina etməsi də həmin anlama gəlir. Yəni müharibə variantı gündəmə gəlir. Bu da Qərbə, Rusiyaya sərf edir. İrəvan hökumətinin özünə də sərfəli deyil. Qərb və digərləri məqsədli şəkildə Ermənistana sülhə yaxınlaşmağa imkan vermirlər. İlkin mərhələdə kəndlərin Azərbaycana geri qaytarılması müharibə şəraitini aradan qaldıracaq və Bakını məmnun edəcək. Müharibə səbəbi ortadan qalxarsa, Qərb hansı ad altında Ermənistana qoşunlarını gətirəcək?! Rusiya da eyniylə deyir ki, onun ordusu Ermənistanın təhlükəsizliyi üçün oradadır. Yəni hamı problemin qalmasında maraqlıdır deyə, Paşinyana hər tərəfdən pressinqlər var. Baş nazirin əvvəlki və sonrakı bəyanatları, erməni mediasının açıqlamaları malalaması göstərir ki, ehtiyat edirlər. Guya nəzərdə tutulan həmin 8 kənd yox, başqalarıdır və s. Ziddiyyətli bəyanatların verilməsində Ermənistanın ağaları məsuliyyət daşıyır".
F.Quliyev bəyan edib ki, Qazaxın 8 kəndi sovet dönəmində anklav vəziyyətinə düşüb, çünki ərazilərimiz ermənilərə verilib. Ona görə də biz bu məsələdə mütləq 1920-ci ilin xəritəsində təkid etməliyik:
"Xatırlayırsızsa, Rusiya dövlət başçısı V.Putin demişdi ki, respublikalar SSRİ-yə hansı ərazilərlə daxil olubsa, həmin ərazi ilə çıxmalıdır. Düzdür, Putin bunu Ukrayna, Krım məsələsinə görə söyləmişdi. Krım Rusiyanın tərkibində idi və 1953-cü ildə Ukraynaya verilmişdi. Amma Putinin vurğuladığı həmin məsələ Azərbaycan-Ermənistan arasındakı sərhəd probleminin həlli üçün də həlledici olmalıdır. Bizim ərazilərimiz işğala məruz qalıb, Sovet imperiyasına könüllü daxil olmamışıq ki?! SSRİ dövründə müəyyən qərarla ərazilərimiz ermənilərə verilib və kəndlərimiz anklav vəziyyətinə düşüb. Biz bu məsələlələri tamamilə rahat şəkildə həll edə bilərik. Ona görə də tələblərimiz, şərtlərimiz yerində qalmalıdır. Kəndlərimiz qaytarılmalıdır və bu proses delimitasiya və demarkasiya prosesindən öncə olmalıdır. Çünki söhbət işğal olunmuş ərazilərin qaytarılmasından gedir. Məsələ ondadır ki, Paşinyan həm kilsə, həm diaspora, həm də daxildəki revanşist qüvvələrlə savaş içindədir. Köhnə ağalarına zidd hərəkət edərək yeni ağalarına qulaq verir. Amma Paşinyanın əsas zərbə yeyə biləcəyi tərəf məhz Azərbaycandır. Lakin baş naziri vəziyyətdən çıxara biləcək ölkələr də Azərbaycan və Türkiyədir. Paşinyan iki ölkə ilə əməkdaşlığa başlasa, ona qarşı təhdidlər də aradan qalxacaq. Azərbaycanla münasibətləri gərgin saxlasa, özü də gərgin vəziyyətdə qalmağa davam edəcək".