Fazil Mustafa: “Molla ağılları ilə ancaq belə səfeh bir yol seçə bilərdilər”
“Söhbət talış xalqının yaşamından gedirsə, talış qadınlarının, ümumiyyətlə, talış xalqına mənsub insanların İranda yaşayışını müqayisə etsinlər”
İranın Azərbaycanda milli və dini zəmində münaqişə və gərginlik yaratmaq cəhdləri davam edir. Martın 12-də Tehran Universitetində daha bir tədbir keçirilib. Tədbir İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzinin Tehran Universitetinin İranşünaslıq Mərkəzinin əməkdaşlığı ilə baş tutub. Tədbirlə bağlı yayılan elan və afişada yenidən Azərbaycan Respublikasının adı təhrif edilərək “Bakı Respublikası”nda və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” sözləri yazılıb. Qeyd edək ki, bundan əvvəl martın 10-da Rəşt şəhərinin Azad İslam Universitetində "Talış İran mədəniyyəti və tarixinin aynasında” mövzusunda Azərbaycana qarşı konfrans keçirilmişdi. İran hökumətinin dəstəyi ilə keçirilən konfransda qondarma “Talış-Muğan Respublikasının başçısı” Əlikram Hümbətovun “davamçısı” Boris Talışinski də çıxış etmişdi. Həmçinin tədbirə Əhməd Kazemi, Əbülfəzl Beheşti, Məhəmməd Rezayəti və s. anti-türk simalar və faşist paniranist düşüncəsinin təbliğatçıları də qatılaraq çıxışlarında Azərbaycan Respublikasına qarşı nifrət yağdırıblar.
Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, düşmən ölkələr bu kimi məqamlardan Azərbaycana qarşı tez-tez istifadə etməyə çalışırlar. Deputatın sözlərinə görə, ermənipərəst İran Azərbaycanın daxilində hansısa "zəif bənd" tapmaq axtarışındadır:
"Amma çox səfeh bir yol seçiblər. Molla ağlı ilə ancaq belə səfeh bir yol seçilə bilərdi. Söhbət talış xalqının yaşamından gedirsə, talış qadınlarının, ümumiyyətlə, talış xalqına mənsub insanların İranda yaşayışını müqayisə etsinlər. Əgər həmin yaşayışı insani sayırlarsa, qoy kimlərsə onu nümunə götürsün. Azərbaycan açıq, rahat, demokratik ölkədir. Hansısa dini ritualları məcburi qaydada icra etmədən, öz həyat tərzini istədiyi kimi quran bir cəmiyyətdə insanlar öz hüquqlarını daha rahat əldə edirlər, nəinki teokratik, dinçi, molla rejimində. O baxımdan olduqca primitiv yanaşmadır. Təbii ki, pulla ələ alınmış bir qrup adamlar vasitəsilə nəsə edə bilərlər. Amma bu, heç də nəticəvi mahiyyət daşıyan məsələ olmaz. Mollalar bunu öz erməni qardaşları ilə etmişdilər. Məsələn, radio açmışdılar və orada çıxışlarını, təbliğatlarını edirdilər. Hətta talış dilində müəyyən proqramlar da verirdilər. Konfrans, yemək-içmək təşkil edərək, Azərbaycanın dövlət maraqlarını satmış şəxsləri, öz xalqına qarşı xəyanət içində olanları ora dəvət edirdilər. Nəticə arzulanan kimi olmadı. Azərbaycan öz torpaqlarını azad etdi və bu istiqamətdə Ermənistanda aparılan çalışmalar populyarlığını itirdi".
Parlament üzvü vurğulayıb ki, tədricən İranda da elə olacaq:
"İran rejiminin yanaşma tərzi bütövlükdə çox primitivdir. Bununla Azərbaycana yox, özlərinə daha çox ziyan vururlar. Biz İranın ərazi bütövlüyü məsələsində normal qonşuluq münasibətlərinə üstünlük veririk. Amma əgər onlar bu cür münasibət yolu seçirlərsə, müəyyən dərəcədə cavabını alacaqlar. İranda yaşayan talış xalqının təmsilçiləri də görürlər ki, vəhşi rejimdə yaşamaqdansa, sivil Azərbaycanda yaşamağın özü böyük xoşbəxtlikdir".