Azərbaycan-Gürcüstan-Türkiyə regionun ehtiyaclarından xəbərdar olacaq
Martın 15-də Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlığın beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd edilib. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb: "Üç ölkə arasındakı münasibət çox yüksək səviyyəli siyasi dialoqa malikdir. Qanunverici orqanlar, dövlət qurumları arasındakı əməkdaşlıq və digər məsələlər siyasi dialoqa töhfə verir. Bu gün bir daha ölkələr arasında regional əməkdaşlıq məsələləri müzakirə edildi. Əlaqələrin daha da möhkəmləndirilməsinə bu gün imzalanan Bakı Bəyannaməsi töhfə verəcək". Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumat verib. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, habelə bütün ərazilərimizdə suverenliyimizin tam bərpasından sonra bölgədə sülh üçün tarixi imkanın yarandığını diqqətə çatdıran nazir Ceyhun Bayramov bu istiqamətdə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı revanşist ritorikaya təşviq edən addımlardan çəkinilməsinin, habelə normallaşma prosesi çərçivəsində birbaşa ikitərəfli danışıqların dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə 3 ölkə arasında mövcud çoxşaxəli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, regional əməkdaşlığın perspektivləri və digər ikitərəfli və çoxtərəfli məsələlər müzakirə olunub. Sonda üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Nazirlərin növbəti üçlü görüşü Türkiyədə keçiriləcək. Gürcüstan XİN başçısı İlya Darçiaşvili deyib ki, üçtərəfli format bizə regionun ehtiyaclarından xəbərdar olmağa şərait yaradır: "Bu gün üçtərəfli formatda tərəfdaşlığımızın əhəmiyyətini və sabitliyini bir daha təsdiqlədik. Qeyd etmək istərdim ki, bu format regional əməkdaşlığın hərtərəfli, səmərəli və uğurlu mexanizmlərindən biridir. Xüsusilə dünyada və regionda mövcud çağırışlar fonunda bu platforma bizə regionun ehtiyaclarından xəbərdar olmağa şərait yaradır".
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, üçlü formatda keçən görüşlər hər üç ölkə üçün kifayət qədər əhəmiyyətlidir. Professorun sözlərinə görə, son günlər Fransanın təzyiqi ilə Gürcüstan üzərindən Ermənistana yenidən silah ötürülməsi məsələsi gündəmdədir:
"Düzdür, qonşu Gürcüstan buna razılıq verməyib. Ancaq xatırlayırsızsa, bir müddət əvvəl belə bir hadisə baş verdi və Azərbaycan öz narazılığını bildirdi. O zaman gürcü hökuməti ermənilərə hücum yox, müdafiə xarakterli hərbi texnikanın ötürülməsinə icazə verdiklərini demişdi. Tbilisi hökuməti də niyəsə bu məsələni birdəfəlik həll etməyə tələsmir və ümumən bu məqama toxunmur. Güman edirəm ki, konfedesial görüşdə bu mühüm məsələ də müzakirə olunub. İstənilən halda Azərbaycan, Türkiyə və Gürcüstan üçlü əməkdaşlığı bölgə üçün çox vacibdir. Həm də bu üç dövlət "3+3" formatının aparıcı qüvvələridir. Yəni altılığın bir tərəfi Azərbaycan-Türkiyə-Gürcüstan, digər üçlü tərəfi isə Rusiya, İran və Ermənistandır. Regional əməkdaşlıqda balans yaratmaq üçün belə Bakı-Ankara-Tbilisi platforması olduqca əhəmiyyətlidir".
C.Nuriyevin qənaətincə, üç ölkə arasında bütün sahələrdə əməkdaşlıq əsaslı müzakirə edilməsəydi, perspektivdə olan məsələlərlə bağlı atılacaq ortaq addımlar müəyyən olunmasaydı, Bakı Bəyannaməsi imzalanmazdı:
"Görünür, bir çox məsələ razılaşdırılıb. Üçlü platformanın müsbət tərəfi odur ki, hər üç dövlət Qərbə daha çox meyillidir, Avropa ilə daha çox münasibətdədir. Altılığın digər üçlü "ayağından" fərqli olaraq daha proqressiv və uğurlu siyasətə malikdirlər. Rusiya, İran və Ermənistan isə bu məsələdə problemlidir. Hələlik bu ölkələrin regional əməkdaşlıq formatına cəlb olunması müsbət nəticə vermir. Ümid edirik, yaxın gələcəkdə digər üç ölkə də əməkdaşlıq platformasında yer alacaq".