Vüqar Bayramov: “Avropa Parlamentinin qərəzli qətnamələri regionda Avropa dəyərlərinə ciddi zərbə vurur”
Avropa Parlamenti “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməni qəbul etməklə növbəti dəfə öz riyakarlığını və ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Qətnamənin mahiyyəti əsassız və qərəzli olmaqla yanaşı, Azərbaycan və Ermənistana münasibətdə açıq-aşkar “ikili standart”ların bariz nümunəsidir. Əvvəllər olduğu kimi, bu qətnamədə də ermənipərəst avroparlamentarilər Azərbaycanı məqsədli surətdə qaralamağa və ölkəmizi aqressor kimi göstərməyə çalışıblar. Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır. Avropa Parlamentinin “çətir”i altında fəaliyyət göstərən anti-Azərbaycan mövqeli qüvvələr ölkəmizə qarşı təzyiq göstərmək üçün fürsət axtarır. Ona görə də Avropa Parlamentinin 13 mart 2024-cü il tarixli qətnaməsi üzdə Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunsa da, lakin əsl həqiqətdə isə Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti “porsiya”sından başqa bir şey deyil.
Qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı beynəlxalq hüquqa zidd fikirlərin əks olunması onu göstərir ki, bu qətnamə bütünlüklə subyektiv və qərəzli xarakter daşıyır. İrəli sürülən iddialar və ittihamlar da həmişəki kimi uydurma arqumentlərə, yanlış məlumatlara əsaslanır. Avropalı deputatların son qətnaməsi hüquqi sənədə yox, populist siyasətçilərin təbliğat məruzəsinə oxşayır. Görünən budur ki, Avropa Parlamenti artıq özünün parlament olduğunu unudub. Avropa Parlamenti erməni lobbisinin əlində təbliğat ruporuna çevrilib. Avropa Parlamentinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dəstək vermək əvəzinə, prosesi “baltalaması” tarixi cinayətdir.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Deputatın sözlərinə görə, qərəzli qətnamə sözügedən qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq etdi:
"Qətnamədə siyasi etik normalardan kənara çıxan təhqiramiz ifadələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdidetmə cəhdlərinin olması qurumun ölkəmizə qarşı qərəzini aydın şəkildə göstərir. Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyillərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır. Həmçinin, regionda Avropa dəyərlərinə ciddi zərbə vurur. Dəyərləri qorumaq lazımdır, cənablar".