Stoltenberqin Bakı səfəri: Döngələr dəyişəcək - RƏY

Baş katibin vəziyyəti yerində öyrənməsi tərəfləri sülhə daha çox yaxınlaşdıracaq

“Azərbaycanın tutduğu mövqe beynəlxalq güclər tərəfindən daha yaxşı anlaşılacaq. Qərbin bölgəyə yönəlik siyasətinə müəyyən düzəlişlər etməsi hamının xeyrinə olacaq"

  NATO Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza üç günlük səfəri çərçivəsində martın 17-18-də Azərbaycanda olub. Azərbaycan Prezidenti İlham Əliyevlə qurumun baş katibi Yens Stoltenberq arasında həm təkbətək, həm də geniştərkibli görüş keçirilib. Baş katib Bakıda yüksəksəviyyəli görüşlər də keçirib. Stoltenberq XİN başçısı Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla da bir araya gəlib. Dövlət başçısı İlham Əliyev NATO Baş katibi Yens Stoltenberqlə görüşü zamanı bildirib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və tərəfdaşlıq müsbət olub: "Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir". Baş katib də Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini alqışlayıb: "Ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam. Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. Biz uzun illərdir bir yerdə çalışırıq. Biz Kosovoda KFOR qüvvələrimizə verdiyiniz dəstəyi çox yüksək dəyərləndiririk, o cümlədən təbii ki, Prezident olduğunuz dövrdə Əfqanıstanda missiyamıza uzun illər verdiyiniz töhfə çox vacib idi". Stoltonberq əlavə edib ki, Azərbaycanla tərəfdaşlıq təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir. Xatırladaq ki, Yens Stoltenberq Bakıdan sonra Tbilisiyə yola düşüb. Baş katibin bölgədə sonuncu səfəri Ermənistana olacaq. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Yens Stoltenberqin regiona səfəri çərçivəsində müzakirə olunan mövzuları açıqlayıb. Bu barədə xüsusi nümayəndə "X" hesabında paylaşımında bildirib: "Baş katib Yens Stoltenberqi Azərbaycan, Gürcüstan və Ermənistana tarixi səfərdə müşayiət edərkən Qafqaza qayıtmaq xoşdur. Görüşlərdə ikitərəfli əməkdaşlıq, Ukraynaya dəstək, regional təhlükəsizlik, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması müzakirə olunur". Vurğulamaq lazımdır ki, baş katibin regiona səfəri Rusiya və Qərb arasında davam edən hərbi-siyasi konfontrasiya fonunda reallaşır. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Məhz bu fakt NATO-nun regional maraqlarına cavab verir. Bu səfər onu göstərir ki, Azərbaycan Qərblə təhlükəsizlik sahəsində ciddi əməkdaşlıqda maraqlıdır. Türkiyə faktoru da burada əsas rol oynayır. Baş katibin Azərbaycana səfəri göstərir ki, Alyansın Ermənistan-Azərbaycan arasında sülh prosesinə dəstəyi də mümkündür. NATO Rusiyanın Azərbaycan-Ermənistan şərti sərhədində mümkün təxribatlarından narahatdır. Bu kontekstdə Ermənistanla ciddi müzakirələrin aparılacağı şübhəsizdir. Səfərin NATO-Azərbaycan əlaqələrində yeni səhifə açacağı bəllidir. Azərbaycan öz hərbi sahəsini hərbi alyansın standartlarına uyğunlaşdırır. Bu müstəvidə təşkilat Azərbaycana Türkiyə vasitəsilə ciddi dəstək verə bilər.
  Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında NATO ilə münasibət yaradan ilk dövlətlərdən olub. Ekspertin sözlərinə görə, 1994-cü ildə Heydər Əliyev NATO qərargahına səfər edib və orada ilk danışıqlar aparıb: 

"Həmin dövrdə NATO ilə ilk sənədlər imzalandı. Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil siyasət yeridir. Heç kimin diktəsi ilə hərəkət etmir və bunu dərk edən beynəlxalq qurumlarla əlaqələr qurmaq istəyir. NATO baş katibi Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfər turuna Azərbaycandan başlaması təsadüfi deyil. Bu amil Azərbaycanın bölgənin ən böyük, güclü və nüfuzlu dövlət olması ilə əlaqədardır. İndiki məqamda ilk danışıqlar Azərbaycan Prezidenti ilə aparılmalıdır ki, bölgənin problemləri daha düzgün qiymətləndirilə bilsin. Güman etmək olar ki, aparılan müzakirələr NATO baş katibinə müəyyən həqiqətləri, reallıqları anlamaqda kömək edəcək. Azərbaycan sülh istəyir. Dövlət başçısı xüsusilə vurğuladı ki, heç zaman olmadığı qədər Ermənistanla sülhə yaxınıq. Bunun üçün Ermənistan fasiləsiz təklifvermə praktikasından çəkinməli, razılaşdırılmış məsələlərin icrasını təmin etməli, öz imzasına hörmət qoymalıdır".
  Analitik vurğulayıb ki, Azərbaycanın qayəsi sülh və bölgəni iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Hələlik Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe buna mane olur: "Məhz bu məqamlar Stoltenberqin diqqətinə çatdırıldı. Güman edirəm, NATO baş katibinin bölgəyə səfəri və Azərbaycan Prezidenti ilə ətraflı müzakirələr aparılması tərəfləri sülhə daha çox yaxınlaşdıracaq. Azərbaycanın tutduğu mövqe beynəlxalq güclər tərəfindən daha yaxşı anlaşılacaq. Qərbin bölgəyə yönəlik siyasətinə müəyyən düzəlişlər etməsi hamının xeyrinə olacaq".