“Belə məqamda Putini ancaq təbrik etmək olar. Azərbaycanla Rusiyanın münasibətlərində hər hansı gərginlik olmasında maraqlı deyilik”
Rusiyada 15-17 martda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələr açıqlanıb. Rusiya MSK-nın sədri Ella Pamfilova bildirib ki, bülletenlərin 99,1 faizi sayılıb. Hazırkı nəticələrə görə, Vladimir Putin 87,33 faiz səslə liderlik edir. Nikolay Xaritonov (Kommunist Partiyası) 4,31, Vladislav Dvankov 3,79, Leonid Sturski isə 3,19 faizlə sonuncu yerdədir. Putin yeni prezidentlik müddətində hədəflərini də açıqlayıb. Kreml rəhbəri qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyatla bağlı məsələlərin həll edilməsi və müdafiənin gücləndirilməsi yeni prezidentlik müddətində əsas hədəflərdən olacaq. Putin sərhəddə və yeni bölgələrdə bütövlükdə ölkə ilə müqayisədə daha yüksək seçici fəallığının onu təəccübləndirdiyini bildirib: “Ümumiyyətlə, bu istiqamətdə, dövlət sərhədi istiqamətində terror hadisələri baş versə də, həmin ərazilərdə yaşayan vətəndaşlar nəinki vətəndaş şücaəti göstərir, həm də cəsarət nümayiş etdirirlər. Düşündüyüm kimi, heç kim onları qorxuda bilmədi". Rusiyanın daxili siyasi sistemini sarsıtmağa çalışan xarici qüvvələrin indiki prezident seçkisinin nəticələrindən dərs çıxarıb-çıxarmayacağı ilə bağlı suala Putin belə cavab verib: “Rusiyaya qarşı işləyən qurumlarda axmaq insanlar oturmur. Qərbin problemi ondadır ki, orada SSRİ ilə döyüşməkdən başqa heç nə bilməyən xeyli adam qalıb. Həmin şəxslər indi də Rusiya ilə bu işi davam etdirirlər. Yeni nəsil mütəxəssislər vəziyyəti real qiymətləndirirlər. Düşünürəm ki, onlar daha çevik davranacaq, lakin Rusiyaya qarşı hədəflərini dəyişməyəcəklər”.
Rusiyalı politoloq İqor Korotçenko qeyd edib ki, Rusiya vətəndaşları tərəfindən prezident seçkilərində Vladimir Putinə fenomenal dəstək rəqəminə Qərbin reaksiyası son dərəcə maraqlı olacaq: “Tanımamaq? - bu, rusların kollektiv iradəsini tanımamaq və bununla da Rusiyada antiqərb əhval-ruhiyyəsini görünməmiş şəkildə gücləndirmək demək olardı. Susmaq? - aydındır ki, susmaq mümkün deyil. Bu o deməkdir ki, onlar aciz qəzəblə dişlərini sıxacaqlar”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyada keçirilən seçkilərin nə qədər demokratik olmasını söyləmək çətindir. Amma qonşu ölkədə seçki prosesini izləyən Azərbaycan nümayəndə heyətinin rəhbəri seçkilərin demokratik keçdiyini bildirdi:
"Rusiyada yaşayan azərbaycanlılar da bu barədə müsbət rəy bildirdilər. Bəllidir ki, Rusiyanı dövlət kimi ayaqda Vladimir Putin saxlayır. Ona görə də rusiyalıların ona səs verməsi, etimad göstərməsi təbii sayılmalıdır. Əhalinin seçkidə iştirakı 70 faizdir və bu, çox böyük rəqəmdir. 88 faizə yaxın seçicinin Putinə səs verməsi o deməkdir ki, Putin hələ də Rusiyada çox önəmli siyasətçidir və ruslar onun önəmini qəbul edirlər. Qərb Rusiyanı qeyri-şəffaf seçkiyə görə ittiham edə bilər. Halbuki Qərbin özündə demokratik seçki yoxdur. Amerikada keçirilən seçkiləri, Donald Trampın əvvəlki seçkini udduğu halda C.Baydenin məhkəmə qərarı ilə prezident olması xatirimizdədir. Rusiyada Putinin seçilməsinə narazı olanlar da var. Seçkidə müxalifət də iştirak etdi. Bizdəkilərdən fərqli olaraq rus müxalifəti seçkini boykot etmədi. Əgər müxalifət etiraz etmirsə, deməli, proses demokratik və şəffaf keçirilib. Belə məqamda Putini ancaq təbrik etmək olar. Azərbaycanla Rusiyanın münasibətlərində hər hansı gərginlik olmasında maraqlı deyilik. 3 milyondan çox soydaşımız Rusiyadadır. Böyük əksəriyyəti Putinin əleyhinə danışmır, əksinə, onu dəstəkləyir. Bizə çox söz düşməz".